Nazirliyin mətbuat xidmətindən Lent.az-a
verilən məlumata görə, sentyabrın 17-də saat 17:28-də Sumqayıt
şəhər Təcili Tibbi Yardım Stansiyasına Məişət Malları Açıq Tipli
Səhmdar Cəmiyyətində (keçmiş Yuyucu Vasitələr zavodunda) neft
məhsullarının əlavə qalıqlarının yanması nəticəsində baş vermiş
qəza ilə əlaqədar "102" xidmətində məlumat daxil olub. Təcili Tibbi
Yardım Stansiyasının baş həkimi tərəfindən dərhal Səhiyyə şöbəsinə,
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat
verilib. Saat 17:30-da Təcili Yardım Stansiyasından ilk 2 briqada,
5 dəqiqə sonra əlavə 3 briqada, daha sonra 8 briqada dərhal hadisə
yerinə göndərilib.
Təcili Tibbi Yardım briqadalarının işi təşkil edilib, xəsarət
alanlara ilkin tibbi yardım göstərilib və onların hospitalizasiyası
işi təşkil olunub. Həkim-mütəxəssislər səfərbər edilib, bütün
xəstəxanalar və xüsusilə Təcili Tibbi Yardım Xəstəxanasında xəsarət
alanlara tibbi yardım göstərilməsi üçün tam hazırlıq vəziyyətinə
gətirilib. TTYS-nın briqadaları müəssisə ərazisində olan 2 çıxışda
və süni surətdə yaradılmış 3-cü çıxışda yerləşdirilib.
Qəza hadisəsi zamanı Təcili Yardım maşınları ilə 10 nəfər zərər
çəkmiş şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Zərərçəkənlər tələb olunan tibbi yardımla tam təmin olunublar.
Hadisə yerində müxtəlif şikayətlərlə stress fonunda (istivurma,
arterial təzyiqin yüksəlməsi və s.) olan 9 nəfər şəxsə yerində
tibbi yardım göstərilib və evə buraxılıblar. Öncə aşkarlanan 2
şəxsin və eləcə də bu gün aşkarlanan daha bir şəxsin meyiti
Sumqayıt şəhər Məhkəmə Ekspertizası və Patoloji Anatomiya şöbəsinə
gətirilib. Ümumilikdə bu saatlara kimi 3 ölü aşkarlanıb.