Mixail Saakaşvili həbsxanada işgəncə faktı ilə əlaqədar fövqəladə bəyanat yayıb

19 Sentyabr 2012 12:05 (UTC+04:00)
Gürcüstanda işgəncə vermək faktı ilə əlaqədar Gürcüstan prezidenti fövqəladə bəyanat yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanat Tiflisdə yerləşən 8 nömrəli Qldan həbsxanasında məhbuslara qarşı edilən qeyri-insani rəftara görə yayımlanıb. Prezidentin sözlərinə görə, televiziyalarda yayımlanan işgəncə kadrlarının görüntüləri onu çox qəzəbləndirib və şok vəziyyətinə salıb. "Qldan həbsxanasında baş verən dəhşətlər insan ləyaqətini alçaldan və hüquqlarını pozan bir aktdır. Bu cinayətə yardım edən və qoşulanları ağır cəza gözləyir. Onlardan çoxunu polis saxlayıb. Bu dəhşətləri törədənlər məhkəmə qarşısında cavab verəcəklər. Digərləri də kənarda qalmayacaq. Bu faktlara görə məsuliyyət daşıyanlar da xidmətdən uzaqlaşdırılacaq. Sizə söz verirəm, kim ki, bu dəhşəti törədib, uzun illər həbsxanada qalacaq", deyə Gürcüstan prezidenti bildirib.
Xatırladaq ki, həbsxanada törədilən faktla bağlı görüntüləri "Mayestro" və "9-cu kanal" yayımlamışdı. Bu görüntülərdə 8 saylı Qldan həbsxanasında məhbusluq cəzasını çəkənlərə qarşı törədilən işgəncələr əks olunmuşdu.