Azərbaycanın siyasi partiyalarının müraciəti Avropa Parlamentinə göndərilib - TAM MƏTN

19 Sentyabr 2012 14:00 (UTC+04:00)
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların qəbul etdiyi müraciət Avropa Parlamentinə göndərilib.
Bu barədə APA-ya müraciətin təşəbbüsçüsü olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı məlumat verib. O, müraciətin Avropa Parlamentinə ilə yanaşı, bu qurumda fəaliyyət göstərən partiya qrup rəhbərləri, həmçinin Azərbaycana qarşı qətnamənin lehinə səs vermiş deputatlara göndərildiyini bildirib.
Müraciətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə Avropa dəyərlərinə sadiq olduqlarını birmənalı şəkildə ifadə ediblər. Sənəddə Avropa Parlamentinə etiraz olaraq qeyd edilib ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və prezident tərəfindən əfv edilməsi məsələsi ilə bağlı qəbul olunan qətnamə qeyri-obyektiv olmaqla Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
Müraciəti YAP, Vətəndaş və İnkişaf Partiyası (VİP), AXCP, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Vətəndaş həmrəyliyi Partiyası və Vətəndaş Birliyi Partiyasının (ümumilikdə 18 partiya) nümayəndələri imzalayıb.
Müraciət sənədinin son variantı belədir: 
Azərbaycan siyasi partiyalarının 2012-ci il sentyabrın 13-də qəbul edilmiş "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" ilə bağlı Avropa Parlamentinə müraciəti:
Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur. "Evronest"in qurucu üzvü olaraq Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə Assosiativ sazişinə sadiqliyini bəyan edir. 
Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul etmişdir. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır. 
Macarıstanda həbsdə olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana təslim edilməsi və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı Avropa Parlamentində qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir. 
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi "Məhkum olunmuş şəxslərin təslim edilməsi haqqında Konvensiya"nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad olunaraq həyata keçirilmişdir. Təəssüf ki, Avropa strukturlarının bir sıra qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar və sənədlər yayılmışdır.
Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi gedişində mülki şəxslər olan bir çox yaxınları, qohumları öldürülmüş, girov götürülmüş, ailəsi isə qaçqın vəziyyətinə düşmüşdür. Ramil Səfərov 2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz qalmış və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son vasitəyə əl atmışıdır. Ramil Səfərovun üzərində Budapeştdə aparılan məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm prinsipləri ilə uzlaşmayan hökm verilmişdir. Halbuki, Avropa ölkələrinin məhkəmələrində belə sərtlik özünü büruzə vermir. Son misal kimi, Norveçdə Breyvik üzərində qurulan məhkəmə və onun çıxardığı qərarı göstərə bilərik. Qeyd etmək istərdik ki, Ramil Səfərov onun üçün müəyyən olunmuş cəzanın 9 ilini həbsxanada keçirmişdir.
Hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana gəldikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv, qərəzli və ikili standartların növbəti təzahürü hesab edirik".