Əfşar Süleymaninin Azərbaycandan çıxmasına qadağa qoyulub
21 Sentyabr 2012 17:50 (UTC+04:00)
İranın Azərbaycandakı sabiq səfiri Əfşar
Süleymaninin ölkədən çıxmasına qadağa qoyulub. Bu
barədəAPA-ya hüquq-mühafizə
orqanlarından bildirilib.
Məlumata görə, Ə. Süleymaninin Azərbaycanı tərk etməsinə qoyulmuş
qadağa yazıçı-publisist Şəmsiyyə Bəylərqızının iddiası əsasında
gerçəkləşib. Belə ki, Ş. Bəylərqızı məhkəməyə müraciət edərək, Ə.
Süleymaninin atalıq hüququnu pozduğunu və övladına aliment
ödəmədiyini bildirib. Həmin şikayət əsasında məhkəmə Ə.
Süleymaninin Azərbaycanı tərk etməsinə qadağa qoyulmasına dair
qərar çıxarıb.
Məsələyə münasibət bildirən Ş. Bəylərqızının vəkili Tərlan
AzayevAPA-ya açıqlamasında faktı
təsdiqləyib. Bildirib ki, Ə. Süleymani Ş. Bəylərqızına 7 min manat
aliment ödəməlidir. Hazırda həmin iş üzrə məhkəmə gedir.
T. Azayev həmçinin Ş. Bəylərqızının həbsindən də danışıb. Qeyd edib
ki, Ş. Bəylərqızı bu ilin iyun ayında Ə. Süleymaninin şikayəti
əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi tərəfindən tutulub. Ə. Süleymani Daxili İşlər
Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı
dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu
mənimsədiyini bildirib. Həmin şikayət əsasında Daxili İşlər
Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
tərəfindən Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci
(dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
T. Azayev keçmiş səfirin bu şikayətinin əsassız olduğunu və onun Ş.
Bəylərqızıdan qisas aldığını qeyd edib. Ş. Bəylərqızı hazırda
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında
saxlanılır.
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani isəAPA-ya açıqlamasında qarşı tərəfin
iddialarını təkzib edib. Bildirib ki, Ş. Bəylərqızı onun iddiası
əsasında tutulmayıb: "Şəmsiyyə Bəylərqızının tutulması barədə
məlumatı mən mətbuatda oxumuşam. Bildiyimə görə, onunla bağlı 180
nəfər şikayət edib. Bu qadın bir neçə ay əvvəl tutulub. Mən isə bir
ay əvvəl şikayət eləmişəm. Biləndə ki, onu həbs ediblər, mən də
getdim Daxili İşlər Nazirliyinə şikayət etdim. Bildirdim ki, bu
qadın məni də aldadıb, mənim də pulumu mənimsəyib. Xahiş elədim ki,
mənim də şikayətimə baxsınlar. Onu da qeyd edim ki, bu qadın mənim
pulumu mənimsədiyini özü də etiraf edib".
Ə. Süleymani Azərbaycanı tərk eləməsinə qadağa qoyulması barədə
məsləyə də münasibət bildirib: "Bütün bu işlər qurama işlərdir. Mən
niyə ona aliment ödəməliyəm? Bir daha deyirəm ki, bu saxta
sənədlərlə hazırlanmış bir oyundur. Ona görə də mən aliment
verməkdən imtina edirəm. Düzdür, məhkəmə mənim Azərbaycandan
çıxmağıma qadağa qoymuşdu. Lakin bir müddət əvvəl həmin qadağa ləğv
olunub".