Hər il 360 min ton yanacaq boş yerə sərf olunur

22 Sentyabr 2012 08:26 (UTC+04:00)

Azərbaycan yollarında tıxac probleminin həlli hələ də müşkül görünür. İnsanlar hər gün bu halla üzləşirlər. Tıxac amili həyatın sanki gündəlik bir normasına çevrilib. Sözügedən problem nəinki təkcə insanların psixologiyasına mənfi təsir göstərir, eyni zamanda yanacağın itkisinə səbəb olur.

Hesablamalara görə, ölkəmizdə tıxaclarda hər il təxminən 360 min ton yanacaq boş yerə yanır. Əsasən də böyük həcmli mühərrik maşınlarında tıxac zamanı yanacağın özbaşına sərf olunması prosesi gedir. Nəticədə də onlar texniki pasportda nəzərdə tutulduğundan artıq yanacaq yandırırlar. Belə fikirlər səsləndirirlər ki, bəzi avtomobillər köhnə olduğundan hətta tıxac zamanı belə onlar da nəzərdə tutulduğundan artıq yanacaq sərf edirlər. Görəsən, niyə belə avtomobillərin texniki göstəriciləri texniki pasportda nəzərdə tutulduğu ilə uyğun gəlmir? Digər tərəfdən, tıxac zamanı bu qədər çox yanacağın havayı yerə sərf olunmasının qarşısını hansı yollarla almaq olar?

Ekspert Cümşüd Nuriyevin fikrincə, tıxac zamanı həddən artıq yanacağın mənasız yerə sərf olunmasının qarşısını almaq üçün məhz tıxac probleminin aradan qaldırılmasına çalışmaq gərəkdir: "Tıxac zamanı həddən artıq yanacağın özbaşına olaraq yanması problemi özünü bütün ölkələrdə göstərir. Amma Azərbaycanda bu tendensiya daha kəskin şəkildədir. Digər tərəfdən şəhərin mərkəz hissəsinin kənarla əlaqəsi cəmi iki yol vasitəsilə həyata keçirilir. Bakının mərkəzindən İçəri şəhər istiqamətinə isə cəmi bir yol vardır. Həmin yolun bağlanması ilə isə vəziyyət daha da qəlizləşir. Belədə görürük ki, bütün Bakı iki yolun üzərində qalıb. Belədə tıxac yaranır, eyni zamanda bu prosesdə mənasız yerə artıq yanacaq da sərf olunur. Digər tərəfdən həmin yanacaq ətraf mühitə də ciddi ziyan gətirir. İkincisi, tıxac zamanı yanacağın əsassız yerə sərf olunması əhalinin lazımsız xərclərini də artırır. Bütün hallarda Bakının yeni layihəsi hazırlanır. Bu zaman elə etmək lazımdır ki, şəhərin mərkəzinə düşən yük azalsın. Digər ölkələrdə olduğu kimi, şəhərdəki bütün iri ali təhsil ocaqları təcili şəkildə şəhərdən kənar ərazilərə köçürülməlidir. Həmçinin bir sıra ticarət obyektlərini də şəhərdən kənar ərazilərə köçürmək gərəkdir. Əks təqdirdə tıxac problemi həll olunmayacaq. Belədə isə tıxac zamanı həddən artıq yanacağın sərf olunmasının da qarşısı alınan deyil. Bu da öz növbəsində ölkənin iqtisadi, mənəvi və sağlamlıq durumuna daha artıq mənfi təsir göstərəcək".