"İKT sektoruna İsrail investisiyaları ölkə üçün mühüm rol oynayır"

22 Sentyabr 2012 08:30 (UTC+04:00)

"Azərbaycanın İKT sektoruna İsrail investisiyaları ölkə iqtisadiyyatının inkişafı üçün mühüm rol oynayır". Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abasov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazla görüşündə bildirib. Harpaz iki ölkənin İKT sahəsində daha da yaxınlaşması və əməkdaşlığına yardım etməyə hazırlığını ifadə edib. Görüşdə noyabrda İKT üzrə Azərbaycan-İsrail forumunun keçirilməsindən bəhs edilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, forumun İsraildə keçiriləcək kibercinayətkarlıqla mübarizə məsələləri üzrə beynəlxalq sərgi-konfrans çərçivəsində təşkil olunacağı planlaşdırılır.

Həmin sərgi-konfrans çərçivəsində kibertəhlükəsizlik məsələlərinə baxılması, "Ağıllı şəhər" layihəsi və İsrailin aparıcı İT şirkətləri ilə tanışlıq nəzərdə tutulur.

Nazir, habelə israilli həmkarının Bakıda internetin idarə olunması problemlərinin müzakirəsi üzrə keçiriləcək beynəlxalq forumda (IGF-Internet Governance Forum) - IGF 2012-də iştiraka dəvət olunduğunu xatırladıb. Forumun keçirilməsi noyabrda baş tutacaq "BakuTel-2012" beynəlxalq kommunikasiya sərgisinin açılış vaxtına salınıb.