Bakının bir sıra küçə və prospektləri bağlanacaq – SİYAHI

22 Sentyabr 2012 11:09 (UTC+04:00)
Azərbaycanda keçiriləcək 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar Bakıda bəzi-küçə və prospektlər bağlanacaq.

Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. 

Onun sözlərinə görə, sentyabrın 22-dən oktyabrın 13-dək Bakı şəhərində keçiriləcək 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar yarışların keçiriləcəyi stadionların ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nərimanov rayonu ərazisindəki Tofiq Bəhramov adına, Nizami rayonunda "Şəfa" və "8-ci kilometr", stadionları, Səbail rayonunda Bayıl, həmçinin Xəzər rayonunda "Dalğa Arena" stadionlarının yerləşdiyi ərazi və ona bitişik küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

V.Əsədov yarışlara gələn tamaşaçılara müraciət edərək onları şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb. Bildirib ki, Salyan şosesi, 20-ci sahə, Azneft meydanı, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, Hava Limanı şosesi, Buzovna şosesi və həmin marşrutla geriyə Koroğlu körpüsü ilə Qara Qarayev prospekti, Naxçıvanski küçəsi, həmçinin Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Mikayıl Müşfiq küçələri, Qurd Qapısına və İnşaatçılar, Hüseyn Cavid və N.Nərimanov prospektləri, Bakıxanov, Ceyhun Hacıbəyli, Dəmirçizadə küçələri, Qələbə meydanı və Xətai prospekti istiqamətlərinə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

V.Əsədov həmçinin qeyd edib ki, Bakıda "Four Seasons", "Kempinski Hotel Badamdar", "Hilton Baku", "JW Marriott Absheron", "Sheraton", "Park Hyatt" hotellərindən qeyd olunan stadionlar istiqamətinə gedən yollar üzrə avtomobillərin parklanmasına qadağa qoyulacaq.

V.Əsədov şəhər istiqamətində hərəkət edən sürücülərə müraciət edərək avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulmasını nəzərə alaraq, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilmələrini, şəxsi avtomobillərdən az istifadə edilmələrini xahiş edib.