Azərbaycanın xarici işlər naziri gələn həftə ABŞ-a gedir
22 Sentyabr 2012 19:07 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti
BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi
ilə sentyabrın 24-də Nyu-Yorka səfər edəcək.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın
28-dək davam edəcək səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında,
həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında
iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş
Assambelyasında çıxışı 28 sentyabr tarixinə
planlaşdırılır.
Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə
tutulur.
Qeyd edək ki, xarici işlər nazirinin müavini Araz Əzimov dünən
jurnalistlərə verdiyi açıqlamada XİN başçısının Nyu-Yorkda ATƏT-in
Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini bildirib: "Ermənistan
xarici işlər naziri ilə görüş nəzərdə tutula bilər, amma bu məsələ
hələ təsdiqini tapmayıb".