«İpək Yolu» dəhlizinin Azərbaycan ərazisi ilə yük və sərnişin daşımaları artıb

22 Sentyabr 2012 21:21 (UTC+04:00)
Bu ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 33 mln. ton və ya 5,4% çox yük, 151,1 mln. nəfər və ya 7,9% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, yüklərin 12,3 mln. tonu və ya 37,1%-i dəmir yolu nəqliyyatı, 6,2 mln. tonu (18,9%-i) dəniz nəqliyyatı, 14,5 mln. tonu (44%-i) avtomobil nəqliyyatı ilə daşınıb.

Yük daşımaları fəaliyyətindən 249,9 mln. manat, sərnişin daşınmasından isə 47,4 mln. manat gəlir əldə olunub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlirlər müvafiq olaraq 20,8% və 7,2% artıb.