“Azəri-Çıraq-Günəşli”-dən 280,1 milyon ton neft çıxarılıb

23 Sentyabr 2012 13:17 (UTC+04:00)
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku layihəsi çərçivəsində hasilatın başlandığı gündən cari il avqustun sonunadək 280,1 milyon ton neft çıxarılıb.
AÇG-nin operatoru olan "bp-Azerbaijan" şirkətindən verilən məlumata əsasən, bu il sentyabrın 15-dək Ceyhan terminalından 1975 tanker AÇG nefti ilə yüklənilərək dünya bazarlarına yola salınıb.
Həmçinin AÇG-də hasilatın başlandığı vaxtdan bu ilin birinci yarısının sonunadək 26 milyard kubmetrdən artıq səmt qazı Azərbaycana təhvil verilib. 2011-ci ilin sonunadək AÇG layihəsinə ümumilikdə 27 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.
Layihənin başlandığı vaxtdan - 1994-cü ildən 2011-ci ilin sonunadək AÇG layihəsi üzrə yalnız Azərbaycandakı davamlı inkişaf proqramlarına 14 milyon dollardan artıq vəsait xərclənib.
AÇG yatağında indiyədək 86 quyu qazılmış, bir platforma ("Çıraq-1") modernləşdirilib, 6-sı inşa olunub. Eyni zamanda, dünyanın ən böyük neft və qaz terminallarından biri tikilmiş və Xəzərin dibində çox mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi yaradılıb.
Qeyd edək ki, AÇG-də neft hasilatına 1997-ci ildə başlanılıb.