Gələn il Azərbaycanda iqtisadi artım tempi kəskin yüksələcək

24 Sentyabr 2012 11:28 (UTC+04:00)
Gələn il Azərbaycanda iqtisadi artım tempinin kəskin artması gözlənilir. "APA-ECONOMICS"in məlumatına görə, Azərbaycan hökumətinin rəsmi proqnozlarına əsasən, 2013-cü ildə ölkədə Ümumi Daxili Məhsul istehsalının 54 mlrd. manat, iqtisadi artımın isə 8,5% olacağı gözlənilir.
Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkədə iqtisadi artım tempi 1,3% təşkil edib, rəsmi proqnozlara görə, ilin sonunadək bu rəqəm 2,5%-ə qədər yüksələcək. Başqa sözlə, 2013-cü ildə iqtisadi artım tempinin bu ilə nisbətən 3 dəfədən çox artacağı gözlənilir. Hökumətdən "APA-ECONOMICS"ə verilən məlumata görə, belə kəskin artım dövlət investisiyalarının artacağı ilə bağlıdır. 
Artım tempinin yüksəlməsi özünü inflyasiya göstəricilərində də biruzə verəcək. Hökumətin proqnozlarına görə, 2013-cü ildə ölkədə inflyasiya 6,3% səviyyəsində gözlənilir ki, bu da hökumətin ötən il 2013-cü il üçün verdiyi ilkin proqnozdan (5%) artıqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2013-cü il və sonrakı 3 il üçün dövlət büdcəsi və icmal büdcəsinin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri sentyabrın 21-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə dinlənilib. Müzakirələrin nəticəsi olaraq Maliyyə Nazirliyinin hazırladığı büdcə layihələri və İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri bəyənilib və Nazirlər Kabineti bu sənədlərin Azərbaycan prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.