AFFA qalmaqallı oyundan 8 min manat qazandı

23 Noyabr 2011 20:41 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XIII turunda baş verən xoşagəlməz hadisələrə hüquqi qiymət verilib. "Neftçi" ilə oyunda 4 futbolçusu sarı vərəqə alan "Qəbələ" 1000 manat cərimə olunub. Qarşılaşma başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təsir göstərməyə cəhd etsələr də klub nümayəndələrinin və polislərin köməkliyi ilə baş verən hadisə tez bir zamanda aradan qaldırılıb. Bunu nəzərə alan komitə "Qəbələ"ni təhlükəsizliyi təmin etmədiyi üçün 5000 manat cərimələyib. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

Matçın 41-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı və 90+2-ci dəqiqədə qonaq azarkeşin meydançaya daxil olduğu üçün "ağ-qaralar" 2000 manat ziyana düşüb.

Bundan başqa, Hakimlər Komitəsinə tapşırılıb ki, oyunun hakimlər briqadası haqqında lazımi ölçü götürüb, İntizam Komitəsinə yazılı məlumat versin. "Simurq"- "Sumqayıt Şəhər" matçında qonaqların yerləşdiyi texniki zonada oturacaqlar sındırılıb. Bu səbəbdən "Sumqayıt Şəhər" dəymiş zərərə uyğun olaraq "Simurq" klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. "Xəzər Lənkəran" - "Rəvan" matçının 61-ci və 75-ci dəqiqəsində yerli azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün kluba 2000 manat cərimə kəsilib.