KXCP-də rəhbərlikdən narazı şəxslərin yaratdığı fraksiyanın ilk iclası keçirilib

24 Sentyabr 2012 17:20 (UTC+04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) tərkibində yeni təsis olunan "Demokratik Birlik" fraksiyanın ilk iclası keçirilib.
FraksiyadanAPA-ya verilən məlumata görə, iclasda qurumun yaradılması və fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılaraq qərarlar verilib. Həmçinin, iclasda fraksiyanın təsis bəyannaməsi də qəbul olunub. Bəyannamədə bildirilib ki, fraksiya mövcud obyektiv tarixi-siyasi şəraitin diktəsindən irəli gələn, Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttinin məqsədlərinin həyata keçirilməsi istiqamətində təşkilati, institusional özək kimi yaradılıb və öz fəaliyyətini cəmiyyətdə ifadə və söz azadlığının, demokratiya və demokratik idarəetmənin təşəkkülünün realizəsi istiqamətində quracaq.
Bəyannaməni KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu, sədrin seçki məsələləri üzrə müavini, KXCP Salyan rayon şöbəsinin sədri Ədalət Yusubov, sədrin əlaqələr üzrə müavini Fikrət Cəfərov, sədrin beynəlxalq məsələlər üzrə müavini Qaya Əliyev, sədrin gənclər üzrə müavini Rüfət Sahiboğlu, İdarə Heyətinin üzvü, KXCP Xətai rayon şöbəsinin sədri Rafiq Abdulla imzalayıb.