Azərbaycan Dillər Universitetində qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
24 Sentyabr 2012 20:12 (UTC+04:00)
Universitetdə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə
yolu ilə talanıb. Azərbaycan Dillər Universitetində baş verən
qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun
mətbuat xidmətindən APA-ya
verilən məlumatda bildirilir ki, Azərbaycan Dillər Universitetinin
2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan
büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması
vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş
materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsində araşdırılıb.
Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən
təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq
saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə,
vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə
universitetin bir sıra əməkdaşlarına normadan artıq iş
tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil
müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək
haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli
miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə
talanıb.
Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı
altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə
cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli
miqdarda dövlət vəsaiti mənimsənilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf
etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı)maddələri ilə cinayət işi başlanıb.