Heç bir dövlət TANAP layihəsinin həyata keçirilməsinə mane ola bilməz

27 Sentyabr 2012 08:00 (UTC+04:00)

Transanadolu boru kəməri layihəsi (TANAP) Türkiyə və Azərbaycan tərəfindən hazırlanmış layihədir və heç bir dövlət, o cümlədən Rusiya onun həyata keçirilməsinə mane ola bilməz.

Bu barədə Bakıda türkiyəli jurnalistlərin suallarını cavablandıran Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.

"Bu bazardır və burada rəqabət mövcuddur. Bizimlə rəqabət aparmaq olar. Lakin bu, bizim malımızdır və biz rəqabət şəraitində onu bazara çıxarırıq", – deyə, nazir bildirib.

TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqli üçün nəzərdə tutulub.

İlkin mərhələdə qaz kəmərinin ötürmə gücü ildə 16 milyard kubmetr təşkil edəcək – 10 mlrd. kubmetr Avropa, 6 mlrd. kubmetr Türkiyə üçün. Gələcəkdə ötürmə gücünün artırılması mümkündür. Layihədə iştirak payları aşağıdakı kimi bölünüb: SOCAR – 80%, yerdə qalan 20% Türkiyənin BOTAS və TPAO şirkətlərinə məxsusdur.