Bakı Metropoliteninin «Həzi Aslanov-2 – Yeni Günəşli» sahəsi yaxın 5 ildə istismara veriləcək

27 Sentyabr 2012 20:16 (UTC+04:00)

Bakı Metropoliteninin konseptual inkişaf sxemi və metro tikintisinə dair dövlət proqramına uyğun olaraq, yaxın 5 il ərzində Yaşıl xəttin "Həzi Aslanov-2 – Yeni Günəşli" sahəsi istismara veriləcək.

Metropolitendən "APA-ECONOMICS"ə verilən məlumata görə, bu istiqamətdə uzunluğu 7 km-ə çatan tunellər qazılacaq və 3 stansiya inşa olunacaq. "Həzi Aslanov-2" stansiyasının yerləşəcəyi ərazidə tikinti işləri plana uyğun olaraq ilkin mərhələdədir: "Stansiyanın tikintisinin əvvəlki illərdə nəzərdə tutulmayan, lakin sonra inşa olunmuş binaların əhatəsində aparılması yerli sakinlərin narahatlığına səbəb olub. Lakin tikintinin müasir üsul, qayda və normalara uyğun aparılması ilə bağlı izahatlardan sonra bu narahatlıq aradan qaldırılıb".

Metropolitendən verilən məlumata əsasən, binaların vəziyyəti gün ərzində bir neçə dəfə aparılan müşahidələrlə yoxlanılır. Burada podratçı qismində svayvurma işlərini yerinə yetirən "Körpü-Bina-Tikinti" şirkətinin "Həzi Aslanov-2" stansiyasının ərazisində müasir ölçmə cihazları ilə təchiz olunmuş laboratoriyası da fəaliyyət göstərir: "Ətrafda olan bütün yaxın binalarda monitorinq nöqtələri müəyyən olunub. Vəziyyət avtomat elektron taxometr cihazlarında əksini tapır. Ölçmələr davamlı aparılır. Əsas məqsəd binaların təhlükəsizliyidir. Hər məlumat əsasında binalarda deformasiyaların olub-olmadığı müəyyənləşir. Gündəlik akt tərtib olunur, müvafiq təşkilatlara təqdim edilir. Gün ərzində, əsasən, 3 dəfə ölçmə aparılır və əsas məlumatlar bunun üzərində qurulur".

Bu günə qədər normadan kənaraçıxma müşahidə olunmayıb. Burada tikinti prosesi tamamlanana qədər bu iş davam etdiriləcək.

"Ümumən, tikinti sahəsində iki cihaz tətbiq olunur. Digər cihazın funksional işi svaylar üzrə aparılan ölçmələrdir. 32 metr dərinliyə qədər vurulan boruların içərisində betonlamadan əvvəl inklinometrlər yerləşdirilir. Qazıntı işlərinə başlanarkən, həmin ötürücülər bu cihaza siqnallar ötürür. Hər yarım metrdən bir hesabat əldə olunur. Kompüterdə avtomatik təhlillər aparılır və xüsusi qrafiklərdə baş verənləri izləmək mümkündür. Bununla svayların vəziyyəti haqqında məlumat əldə olunur", - deyə metropolitendən bildirilib. 

Qazıntı, daha sonra tikinti aparılarkən, müxtəlif dərinliklərdə qrunt laylarında yerdəyişmələrin diaqramı sahədə deformasiyanın olub-olmadığını üzə çıxarır. Bunun da əsasında yerin vəziyyəti haqqında müfəssəl məlumat əldə etməklə işləri tam təhlükəsiz və etibarlı şəkildə aparmaq olur: "Bir sözlə, aparılan ölçmələr sayəsində nəinki ətraf binaların, həmçinin tikintinin təhlükəsizliyi təmin olunur".