Avtomobillərdə yenə dərman qutuları tapılmır

28 Sentyabr 2012 08:37 (UTC+04:00)

Ölkəmizdə yol qəzalarında həlak olanların sayının artması bu gün ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının 20-30 faizinin əsas səbəbi ilk tibbi yardımın doğru göstərilməməsi, avtomaşınlarda tibb çantasının olmadığından zərərçəkmiş şəxslərə digər insanların vaxtında yardım edə bilməməsindən irəli gəlir.

Avtomobildə dərmanlar qutusunun (kiçik aptekin) olması, eləcə də sürücünün elementar tibbi yardım qaydalarına bələd olması zəruridir, xüsusən siz yaşayış məntəqələrindən uzaqdasınızsa, bunun əhəmiyyəti daha da artır. Bu məsələyə etinasız yanaşmalar isə bəzən şəxsin və avtomobilində olan sərnişinlərin sağlamlığı və hətta həyatı bahasına başa gələ bilər.

Hazırda ağır yol - nəqliyyat hadisələrinin çoxalması avtomobillərdə dərman qutuları və yaralılara ilkin tibbi yardım kimi məsələləri gündəmə gətirib. Yol hərəkəti haqqında qanuna 1 saylı əlavənin 7-ci hissəsində göstərilir ki, dərman qutusu olmayan avtomobil yol hərəkətindən uzaqlaşdırılmalıdır. Qanun minik avtomobilləri, avtobus və təkərli traktorlara şamil olunur. Lakin aparılan araşdırma göstərir ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti haqqında qanunun şərtlərini kobud şəkildə pozurlar. Avtomobildə dərman qutusunun olmaması, nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılmasına əsas verən nasazlıqlar siyahısındadır. Qutuda Səhiyyə Nazirliyinin təyin etdiyi preparatlar - ağrıkəsici, ürək tutumaları, qida zəhərlənmələrinə qarşı dərmanlar, steril tənzif, hidrofil pambıq, plastır, sarğı və qayçı olmalıdır. Şəhərdə az da olsa, içərisində dərman qutusu olan avtomobillərə rast gəlinir. Lakin avtomobildə içərisi dərmanla dolu qutunun olması azdır. Qutuda dərmanların istifadə qaydası üzrə təlimat kağızının olması da vacibdir. Bu, qəza zamanı istənilən şəxsin yaralıya ilkin tibbi yardım göstərməsinə imkan verir. Yol polisi əməkdaşları deyir ki, avtomobildə dərman qutusu saxlamaq sürücünün öz marağında olmalıdır. Bəzən vaxtında göstərilən ilkin tibbi yardım kiminsə həyatını xilas edə bilər.

Heç kəs qəzalardan sığortalanmayıb. Ona görə də, insanlar olduğu yerdən asılı olmayaraq kimlərəsə kömək etməyə hazırlıqlı olmalıdırlar. Xüsusilə hər bir nəqliyyat vasitəsində ilkin tibbi yardım göstərmək üçün tibb qutusu olmalıdır. Eyni zamanda sürücülər, eləcə də digər insanlar ilkin tibbi yardım haqqında bəzi bilgilərə sahib olmalıdırlar. Buna baxmayaraq, sürücülərin əksər hissəsinin, eləcə də vətəndaşların ilk tibbi yardım haqda məlumatları belə yoxdur.

Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçməsi üçün əsas şərtlərdən biri məhz dərman qutularını olması ilə bağlıdır. Yəni, avtomobil texniki baxışdan keçirilərkən diqqət ediləsi əsas məqamlardan biri də tibb qutusunun olması, tibb çantasının tərkibidir. Səhiyyə Nazirliyinin təlimatına əsasən, tibbi çantanın tərkibi 21 növdə tibbi ləvazimatlar və dərmanlardan ibarətdir. Hesablamalar göstərir ki, tibbi çantaya tələb olunan ləvazimatları və dərmanları almaq üçün 5-6 manat lazımdır. Satışda hazır tibbi çantalar da satılır. Lakin onun içində tələb olunan dərman və ləvazimatların hamısı olmur. Yanğınsöndürən balonların olması da vacibdir. 1 litrlik balonun qiyməti 20 manatdır. Avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazalarda qəza-durma nişanının qiyməti isə 15 manatdır. Bir sözlə, avtomobili texniki baxışa təqdim etməmişdən öncə təqribən 40 manatından keçməlisən. Texniki baxış zamanı sənədlər qaydasında olmalıdır. Həmin vaxt sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi (texniki pasport), şəxsiyyət vəsiqəsi, etibarnamə, texniki baxış xidməti üçün rüsumun və yol vergisinin ödənildiyini təsdiq edən çeklər tələb olunur. Həmçinin bu ildən üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası almayanlar texniki baxışa buraxılmırlar.

Dərman qutularına gəlincə, hər ölkədə olduğu kimi Azərbaycanda da bütün nəqliyyat vasitələrinin içində tibb qutusunun olması qanunla tənzimlənir. Sadəcə, sürücüdən tələb olunan avtomobilinizdə kiçik bir çantanın olmasıdır.