ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar

28 Sentyabr 2012 11:19 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. APA-nın məlumatına görə, görüşlə bağlı həmsədrlərin bəyanatı ATƏT-in rəsmi saytında yerləşdirilib. Xatırladaq ki, həmsədrlər sentyabrın 26-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. 

Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə regionda hadisələrin son inkişafını müzakirə edib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qayıtmağa çağırıblar. 

"Həmsədrlər son aylar ərzində nəzərəçarpacaq tərəqqinin olmamasından təəssüf hissi keçirir. Nazirlər öz növbəsində sülh yolu ilə həllə dəstək verdiklərini və danışıqları davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər".