Zakir Qaralov: “ABU klinikasında qanunsuz orqan transplantasiyalarından əldə olunan 100 min dollar Elşad Abdullayevə çatdırılıb”
1 Oktyabr 2012 14:47 (UTC+04:00)
"Azərbaycan Beynəlxalq
Universitetində ciddi korrupsiya faktları aşkar
edilib". APA-nın xəbərinə
görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında
deyib: "2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası
ilə bağlı ukraynalı həmkarlarımız tərəfindən qaldırılmış cinayət
işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan klinikada belə
faktlar müəyyən edilib. 2009-cu ildə həmin klinikada 10-a yaxın
xarici vətəndaşın üzərində böyrək köçürmə əməliyyatı aparılıb. Bu
əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər. Biz o zaman
Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş
Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı
cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət
işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna
göndərilib".
Z. Qaralov deyib ki, adı çəkilən klinikanın rəhbəri Dilarə
İsmayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməlləri məhz
Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib: "O,
həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə
etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb.
Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı
mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir".
Baş Prokuror ABU-nun lisenziyasının 2010-cu ildə Təhsil Nazirliyi
tərəfindən ləğv edildiyini xatırladıb: "Təəssüflər olsun ki,
qanunsuz köçürülmələr nəticəsində orada təhsil alan minlərlə
tələbələrimiz diplom ala bilməyiblər. Həmin faktlarla bağlı bizə
çoxsaylı şikayət daxil olub. Şikayətlər həm saxta diplomların
verilməsi, həm qanunsuz köçürülmələr zamanı külli miqdarda rüşvət
almaqla bağlı olub. Daxil olan şikayətlər əsasında ABU-nun vəzifəli
şəxslərinin bir qismi məsuliyyətə cəlb olunub. Hazırda istintaq
gedir. Bu kimi əməlləri olan bir insan bu gün özünü elə göstərir
ki, guya o korrupsiyaya qarşı mübariz aparır. Elşad Abdullayev
bilməlidir ki, hamı qanun qarşısında bərabərdir. Vaxt çatanda, hər
kəs layiq olduğu məsuliyyətə cəlb ediləcək".
Z. Qaralov qeyd edib ki, məlum videoçəkilişlə bağlı heç kimin –
Elşad Abdullayevin də, Gülər Əhmədovanın da təqsirsizlik
prezumpsiyası pozulmamalıdır: "Bununla bağlı ətraflı, obyektiv
istintaq aparılacaq".