ARDNŞ Bakı Neft Emalı Zavodunda qəza baş verməsi ilə bağlı məlumatları təkzib edib
1 Oktyabr 2012 16:01 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodunda qəza baş verməsi barədə
məlumatları təkzib edib.
"APA-ECONOMICS"ə şirkətdən verilən
məlumata görə, zavodda partlayışın baş verməsi və burada ölən və
yaralananların olması ilə bağlı yayılan məlumatlar doğru deyil.
Şirkətin rəsmi açıqlamasına görə, BNEZ-in 55 saylı katalitik
krekinq qurğusu sentyabrın 28-dən təmirə
dayandırılıb.
"Təmir prosesində sistemdəki qaz boşaldılan zaman
borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması
nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış
görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların
qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib
hissəsidir", - deyə məlumatda bildirilir.
Bununly yanaşı bildirilir ki, oktyabrın 1-də 55
saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı
belə bir gurultu qeydə alınıb: "Buna baxmayaraq, ətraf mühitə və
insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda
təmir işləri davam etdirilir".