Azərbaycanın Xocavənd rayonunun ermənilər tərəfindən işğalından 20 il keçir
2 Oktyabr 2012 11:32 (UTC+04:00)
Azərbaycanın
Xocavənd rayonunun Ermənistan tərəfindən işğalından 20 il
ötür.
Movqe.az xəbər verir ki, sahəsi 145 647 hektar olan Xocavənd rayonu
1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt
olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv
edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında
yaradılıb, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd
şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut),
83 kənd var. Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə
şəhid olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş
Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı
təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"in əldə etdiyi
məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik
vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır,
fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq
Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində
diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il
yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun
Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü
olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat
ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində
Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə
əkilən ağaclar da kəsilib.
Qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları
2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro,
ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd
əhəngdaşı, proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin
su yataqları və s. var. Rayonun Qarakənd kəndində Azərbaycanın
"Qırmızı kitab"ına daxil olmuş III dövrün relikt növünə aid, orta
diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat
ağacları da mühafizə olunurdu.