MSK-nın Gülər Əhmədovanın deputat mandatından imtina barədə müraciətinə baxacağı vaxt məlum olub

2 Oktyabr 2012 15:00 (UTC+04:00)
Gülər Əhmədovanın deputatlıqdan könüllü imtina etməsi barədə müraciətə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən baxılacaq vaxt açıqlanıb.

MSK-dan APA-ya verilən məlumata görə, müraciətə oktyabrın 3-də saat 15.00-da baxılacaq.

Qeyd edək ki, Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün MSK-a göndərilib.

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.