«Türk Hava Yolları» İstanbuldan Bakı, Naxçıvan və Gəncəyə aviabiletlərin qiymətini endirib

2 Oktyabr 2012 15:24 (UTC+04:00)
"Türk Hava Yolları" aviaşirkəti biletlərin satışı üzrə endirim kampaniyasına start verib.

"APA-ECONOMICS"in aviaşirkətin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, kampaniya İstanbuldan Balkan regionu şəhərlərinə, həmçinin Azərbaycan və Gürcüstanın şəhərlərinə uçuşları əhatə edir. Belə ki, sərnişinlər İstanbuldan Buxarest (Rumıniya), Sofiya (Bolqarıstan), Belqrad (Serbiya), Zaqreb (Xorvatiya), Tirana (Albaniya), Skopye (Makedoniya), Priştina (Kosovo), Podqoritsa (Monteneqro), Lyublyana (Sloveniya), Sarayevo (Bosniya və Herseqovina) və Kişinyova (Moldova), həmçinin Bakı, Naxçıvan və Gəncə, Gürcüstanın isə Tbilisi və Batumi şəhərlərinə aviabileti 99 avroya ala bilər. Bu qiymətə hər iki istiqamətə uçuş daxildir.

Kampaniya oktyabrın 20-dək davam edəcək. Kampaniya çərçivəsində alınan aviabiletlər sözügedən şəhərlərə noyabrın 1-dən 2013-cü il fevralın 14-dək uçuşlar üçün şamil olunur.