Ərazidən köçürülən boru kəmərindən su sızması Bakıda inşa olunan yeni tunelin divarını çökdürüb
2 Oktyabr 2012 16:25 (UTC+04:00)
Bakı şəhərinin
Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin
kəsişməsində inşa olunan yeni tunelin divarı çöküb.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan
Mürsəliyevin verdiyi məlumata görə, buna səbəb divar
svaylarının deformasiyasıdır ki, bu da öz növbəsində həmin ərazidə
1 200 mm-lik su boru kəmərinin köçürülməsi zamanı suyun sızmasından
irəli gəlib: "Səhər saat 7 radələrində baş verən hadisə zamanı
təxminən 20 metr uzunluğunda svaylar deformasiya olub. Xəsarət alan
olmayıb. Hazırda divarın bərpa işləri həyata keçirilir ki, qısa bir
müddət ərzində bu işlər başa çatdırılacaq".
Qeyd edək ki, 3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu
780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300
metr olacağı gözlənilir. Eyni zamanda layihə çərçivəsində ümumi
uzunluğu 1 746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir
işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri
dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı
istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb. Tikintisinə
2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təqribən
60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması
planlaşdırılır.