2 Oktyabr 2012 18:04 (UTC+04:00)
Azərbaycanda
50-dən artıq transmilli şirkət var ki, bunların yarısında həmkarlar
təşkilatlarının yaradılmasına nail olunub, digərlərində isə bununla
bağlı danışıqlar gedir.
"APA-ECONOMICS"in xəbərinə
görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev
bildirib.
Onun sözlərinə görə, belə şirkətlərdə bürokratiya çox güclüdür və
bəzən danışıqlar illərlə davam edir: "Şirkətlərin rəhbərliyi bizə
bildirir ki, bu məsələyə mane olmurlar və qarışmırlar, amma burada
çalışan işçilər bildirirlər ki, onlar həmkarlar təşkilatı yaratmağa
çəkinirlər, çünki rəhbərlik bunu eşidən kimi onları işdən azad edə
bilər".
S.Mehbaliyev bildirib ki, ümumiyyətlə, transmilli şirkətlərin
rəhbərliyi həmkarlar təşkilatlarının yaradılmaması üçün böyük
pullar xərcləyirlər. Çünki həmkarlar təşkilatlarının yaradılması
buradakı işçilərin sosial və əmək-məişət hüquqlarının qorunmasına
imkan verərdi: "Transmilli şirkətlərdə belə bir qayda var ki, onlar
işçini soruşmadan, istədikləri vaxt işdən azad edirlər. Onların
təhlükəsizlik xidməti sadəcə işçinin əmək kitabçasını özünə
qaytarır və onlar nə qədər çalışsalar da, rəhbərliklə görüşə, işdən
azad edilmələrinin səbəblərini öyrənə bilmirlər. Onları bir daha
şirkətin qapısından da içəri buraxmırlar. Azərbaycanda fəaliyyət
göstərən transmilli şirkətlərdə bəzən yerli vətəndaşları iş
vaxtından çox, bəzi hallarda isə hətta istirahət günlərində də
işlədirlər. Biz istəyirik ki, bütün dünyada olduğu kimi,
Azərbaycanda da işçilər öz təşkilatlarını yaratsınlar və
hüquqlarını qoruya bilsinlər".
S.Mehbalıyev bildirib ki, 4-5 ay əvvəl Neftçalada çalısan
transmilli neft şirkətində həmkarlar təşkilatının yaradılmasına
maneələr vardı, amma AHİK bu işçiləri təlimatlandırandan sonra
onlar hüquqlarını daha yaxşı biliblər və küçədə, parkda toplaşaraq
həmkarlar ittifaqı təsis ediblər: "Artıq bu təşkilat fəaliyyət
göstərir.
Bizim əsas məqsədimiz odur ki, bu işçilərin zəhməti hesabına
qazanılan pulun bir hissəsi onların sosial vəziyyətinin
yaxşılaşmasına xidmət etsin. Bunun üçün isə həmkarlar təşkilatı
yaradılmalı və işəgötürənlərlə kollektiv müqavilələr
imzalanmalıdır".