Bakıda bal sərgi-yarmarkası keçiriləcək

2 Oktyabr 2012 16:09 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 17-dən noyabrın 5-dək Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, "Gənclik" və keçmiş "Şuşa" kino-teatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən "Laləndə" şadlıq sarayında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçirəcək.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına yer alan məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 17-də saat 12-də olacaq. Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən şəhər və rayon icra hakimiyyətləri tərəfindən müəyyənləşdiriləcək və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunacaqlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edəcək. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılacaq. Keyfiyyətsiz məhsullar satışa buraxılmayacaqdır. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.

Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcəkdir, elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaq. Kənd Təsərrüfatı Nazirliyi Bakılıları və Sumqayıtlıları Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına dəvət edir.