Gələn həftə Budapeştdə Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın üçüncü iclası keçiriləcək
3 Oktyabr 2012 15:05 (UTC+04:00)
Azərbaycanın
Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstan baş naziri
ofisinin dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası
iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə
görüşüb.
APA-nın məlumatına görə, görüş
zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və
gələcək perspektivləri geniş müzakirə edilib. Son bir ay ərzində
Azərbaycan və Macarıstan əleyhinə aparılan əsassız təbliğat
kampaniyasının bu münasibətlərə hər hansı ciddi təsir göstərmədiyi
xüsusi qeyd olunub. Eyni zamanda 8-9 oktyabr tarixlərində
Macarıstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının
Budapeştdə keçiriləcək üçüncü iclası, habelə yüz nəfərdən çox
azərbaycanlı və macar iş adamının qatılacağı biznes-forum haqqında
ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasındakı
iqtisadi münasibətlərlə bağlı yeni protokolun imzalanması nəzərdə
tutulan bu iclasın yüksək səviyyədə keçirilməsi və gələcək
əməkdaşlıq baxımından dönüş nöqtəsinə çevrilməsi üçün tərəflərin öz
qüvvə və səylərini əsirgəməyəcəkləri vurğulanıb. Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra digər məsələlər də müzakirə
olunub.