Ramiz Mehdiyev qalmaqallı video ilə bağlı açıqlama verdi
4 Oktyabr 2012 09:45 (UTC+04:00)
"Bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada
kifayət qədər münasibət bildirilib. Səsləndirilən fikirlərə yalnız
onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə
hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi
təxribatdır.
Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə
çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə
cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı
üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail
ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək".
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev "ABU-nun sabiq rektoru Elşad Abdullayev və Milli
Məclisin deputatı Gülər Əhmədovanın videogörüntüləri ilə bağlı
müzakirələr bir neçə gündür ki, gündəmdən düşmür. Elşad
Abdullayevin Gülər Əhmədova ilə söhbətində Sizin də adınız
hallanır. Bununla bağlı nə deyə bilərsiniz?" sdualına cavablında
bildirib.
R. Mehdiyev qeyd edib ki, Prezident Administrasiyasının
nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və
ola da bilməz: " Elşad Abdullayevin deputat seçilməməsi və onun
rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması
faktı da fikirlərimi bir daha təsdiq edir. O ki qaldı, ortada
canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin
açdığı bazara – bu, onların öz problemləridir. Belə dələduzlar
həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol,
əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə
etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun
qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən
asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq".