Azərbaycan regionlarda genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayır

4 Oktyabr 2012 15:31 (UTC+04:00)
Gələn ildən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkə regionlarında genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayacaq.

Bu barədə "APA-ECONOMICS"ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. 

Onun sözlərinə görə, hazırda ölkə əhalisinin 65%-i internet istifadəçisidir ki, bunun da 30%-i genişzolaqlı internetdən istifadə edir. Genişzolaqlı internet istifadəçilərinin təxminən yarısı isə regionların payına düşür. Kəndlərin 35%-nə artıq fiberoptik kabellər çəkilib.

"Gələn ildən etibarən biz regionlarda, əsasən də ucqar kənd yerlərində genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayacağıq. Ümumiyyətlə, regionlarda genişzolaqlı internetin inkişafı üçün bütün şərait var - regionlarda artıq 10-dan çox internet-provayder şirkəti fəaliyyət göstərir, eyni zamanda qiymət siyasəti münasibdir. Belə ki, əgər bir neçə ölkədə paytaxtla regionlar arasında internet xidmətlərinin qiyməti fərqlənirsə, bizdə qiymət eynidir", - deyə nazir müavini bildirib. 

E.Vəlizadə onu da qeyd edib ki, "Xalq kompüteri" layihəsi çərçivəsində 18 mindən artıq kompüter güzəştli şərtlərlə əhaliyə satılıb və alıcıların yarıdan çoxu regionların payına düşür.