Rüşvətxorluqda təqsirləndirilən baş həkim azadlıqdan məhrum edilib
4 Oktyabr 2012 17:01 (UTC+04:00)
Bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının
rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimi Oqtay Salamovun
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə
hökm oxunub. Hökmə əsasən, O. Salamov 4 il müddətinə azadlıqdan
məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun cinayət işi ilə bağlı yaydığı
məlumatda Səhiyyə Nazirliyinin 14 saylı Birləşmiş Şəhər
Xəstəxanasının baş həkimi O. Salamovun Bakı şəhər sakinindən Tibbi
Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün rüşvət tələb
etdiyi göstərilib.
Bu il mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri
nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi
Salamov Oqtay İsgəndər oğlu saxlanılıb. O, Tibbi Sosial Ekspert
Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın
Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında
Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi
alarkən cinayət başında tutulub.
Oqtay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş
30 ədəd 100 manatlıq əsginaslar - cəmi 3 min manat məbləğində pul
və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi
götürülüb.
Həmin faktlara görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma)
maddəsi ilə cinayət işi başlanıb.