“Britaniyalı leyboristlər Azərbaycanı dəstəkləyir”

4 Oktyabr 2012 16:21 (UTC+04:00)
Avropa Azərbaycan Cəmiyyəti oktyabrın 2-də Mançesterdə yerləşən Radison Edvardian Oteldə tədbir keçirib.
AAC-dan APA-ya verilən məlumata görə, konfransda 100-ə yaxın leyborist iştirak edib.
Konfransın spikerləri millət vəkili, Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun üzvü Qeri Satklif (Gerry Sutcliffe) və Avropa Parlamentinin üzvü, Avropa Birliyinin xarici işlər üzrə sözçüsü, leyborist Riçard Hovit (Richard Howitt) olub.
Qeri Satklif Azərbaycanın dostu kimi bu tədbirdə iştirakdan məmnun olduğunu deyib: "Leyboristlər Azərbaycanı dəstəkləyir. Bu ilin sonuna yaxın biz həmkarlar ittifaqları ilə görüşmək üçün Azərbaycana səfər edəcəyik. Bizim bu ölkədə çalışanlarla səylərimizi birləşdirməyə ehtiyacımız var. Onları daim dəstəkləyəcəyimizi bildirmək istərdim. Azərbaycan Böyük Britaniya üçün təkcə strateji mövqeyinə görə deyil, həmçinin digər cəhətlərinə görə də mühüm əhəmiyyət kəsb edir".
Avropa Parlamentinin üzvü Riçard Hovit (Richard Howitt) isə Avropanın Azərbaycana daha çox diqqət ayırmasını istədiklərini deyib: "Biz Ermənistanla Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi, həmçinin ətraf 7 rayonun işğalından xəbərdarıq. Bu münaqişənin sülh yolu ilə tez bir zamanda həllinə tərəfdarıq. Bu istiqamətdə irəliləyişlər görmək istərdik. Azərbaycanın neft və qaz ehtiyatları, gələcək enerji təhlükəsizliyi baxımından Avropa üçün ağlasığmaz dərəcədə əhəmiyyət kəsb edir. Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanın gücü, eyni zamanda üzləşdiyi çətinliklər barədə məlumatların bütün dünyaya çatdırılması istiqamətində xidmətlər göstərir".