Avropalı gənclər Azərbaycanda beynəlxalq tədbirə toplaşacaq
4 Oktyabr 2012 17:03 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycan
Tələbələr Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi və Avropa Komissiyası "Gənclər Fəaliyyətdə" proqramının
maliyyə, Gənclər üçün Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə Bakı
şəhərində 7-14 oktyabr 2012-ci il tarixlərində "Wind of Change -
European Migration Twenty Years after the Collapse of Communism"
adlı beynəlxalq tədbir təşkil edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd Avropa Birliyi və tərəfdaş
ölkələrdə Sovet rejiminin dağılmasından sonrakı dövrdə Avropaya
inteqrasiyanı müzakirə etməkdir. Tədbirdə Hollandiya, Çexiya,
Fransa, Macarıstan, Türkiyə, Belarus, Moldova, Rusiya, Ukrayna və
Azərbaycandan olmaqla 30-a yaxın gənc iştirak edəcək.
Beynəlxalq tədbirdə əsas müzakirə obyekti Şərq-Qərb miqrasiyası,
Avropa mobillik proqramları, Avropa Birliyinin daxilində miqrasiya,
beynəlxalq miqrasiyanın əhəmiyyəti və bütün bunlarda gənclərin rolu
olacaq. Tədbir çərçivəsində müxtəlif səviyyədə ikitərəfli
görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, tədbiri təşkilatçısı olan Azərbaycan Tələbələr
Birliyi Avropa Tələbələr Birliyinin, Gənclər üçün Təhsil Mərkəzi
isə Avropa Gənclər Klubları Konfederasiyasının üzvləridir.