Ticarət mərkəzləri büdcədən külli miqdarda pullar yayındırmaqdadırlar

5 Oktyabr 2012 07:27 (UTC+04:00)

Vüqar Bayramov: "Adətən müqavilədəki qiymətə baxmaqla bu qiymətlərin mövcud tariflərdən aşağı yaxud da yuxarı olmasnı müəyyənləşdirmək mümkündür"

Əvvəllər ölkəmizdə ticarət mərkəzlərinin sayı barmaqla sayılan idisə, bu gün tək paytaxt ərazisində əhalinin xidmətində olan kifayət qədər belə mərkəzlər var. İlk görünüşdən həcminə baxıb həmin mərkəzlərin yüksək vergi ödəyicisi olduğunu nəzərə alırıq. Amma iş burasındadır ki, bəzi iri ticarət mərkəzləri göründüyü qədər vergi ödəyicisi olmamağı da bacarırlar. Söhbət təkcə kassa mədaxil qəbzinin vurulmamasından getmir.

Bu ticarət mərkəzlərində həm də ikili mühasibatlıqdan istifadə olunur. Yəni, mühasibatlıqda icarə haqqı bir qiymətə göstərilir, amma real alınan haqq ondan yüksək olur. Digər hal isə mərkəz rəhbəri tərəfindən ticarət binası daxilindəki mağazaların sayının azaldırılaraq göstərilməsidir. Təbii ki, sadalanan hər iki hal da külii miqdarda vergidən yayınmaya xidmət edir.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən qəzetimizə bildirirlər ki, sözügedən ticarət mərkəzlərində ən çox rast gəlinən hadisə nağdsız ödəniş zamanı onun kassaya vurulmamasıdır: "Belə edərək satıcılar dövriyyələrini gizlətməyə, azaltmağa çalışarlar. Təqdim etdikləri bəyannamələrdə hesabatlarının dövriyyəsini az göstərməyə cəhd edirlər. Buna qarşı da nazirliyin tərkibində vergi informasiya sistemi yaradılıb. Sistem vergi ödəyicisinin dövriyyəsini, gəlirlərini nəzarətdə saxlamağa imkan verir. Onun vasitəsi ilə ödəyici dövriyyəsini azaltmağa çalışdığı halda bunu aşkar etmək mümkün olur. Amma vergi ödəyicisi olan təsərrüfat obyekti gizlətmək çox nadir hallarda təsadüf olunan hadisədir. O, dərhal operativ nəzarət vasitəsi ilə qeydiyyata alınır və uçota qoyulur".

İqtisadçı ekspertlər isə vergidən yayınmanın qarşısını almaq üçün müxtəlif üsullardan istifadə etməyi təklif edirlər. Ekspert Akif Nəsirli bunun ən çox ikili mühasibatlıqdan yarandığını bildirir: "Yəni, bir mühasibatlıq sahibkarların özləri üçün o biri isə vergi yığan dövlət orqanlarına təqdim etmək üçündür. Bunlar arasında da böyük fərq olur. Amma ticarət obyektlərində ikili mühasibatlığın aradan qaldırılması məsələsi çətindir. Kapitalist təsərrüfat sistemi olan cəmiyyətlərdə ilk vaxtlarda bunun qarşısını almaq mümkün olmayıb".

Ekspertin sözlərinə görə, ikili mühasibatlığın aradan qaldırılması üçün birinci növbədə dünya təcrübəsi öyrənilməli və Azərbaycanda tətbiq edilməlidir: "Xarici təcrübələr kimi də statistik müşahidə, elektronlaşmış sayğac metodlarını göstərmək olar. Bu metodlardan birini seçib Azərbaycanda tətbiq etmək olar. İkinci metod isə mühasibatlığı stimullaşdırmaq lazımdır. Sahibkar elə mənfəət əldə etməlidir ki, həmin mənfəət onu şəffaf mühasibatlığa sövq edə bilsin. Üçüncüsü isə gəlirlərin gizlədilməsinə görə vergi sanksiyalarının daha da ağırlaşdırılmasıdır".

Digər iqtisadçı ekspert Vüqar Bayramov da bu gün əksər ticarət mərkəzlərində müqavilədə göstərilənlə realda olan rəqəmlər arasında fərq olduğunu təsdiqləyir: "Amma bu, ilk növbədə, biznes mədəniyyətinin pozulmasıdır. Ticarət mərkəzindəki icarə haqqı sahibkarla icarəyə götürən şəxs arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Əksər hallarda bu müqavilədə göstərilənə nəzarət etmək çətin olur. Çünki, müqavilə bağlanan anda vergi orqanları həmin prosesdə iştirak etmir. Odur ki, vergidən yayınmaq üçün müqavilədə vəsait az göstərilir. O baxımdan prosesə nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu yollardan biri Bakıda zonalar üzrə ( 4 zona) müəyyən standartın tətbiq edilməsidir. Həmin standartlara uyğun olaraq da icarə haqqı müəyyənləşdirilə bilər. Zonalar üzrə minimumlar müəyyənləşdirilərsə, sahibkara da müqavilədə minimumlardan aşağı məbləğin qeyd edilməsi qadağan edilə bilər. Belə olanda da sahibkarların müqavilədə aşağı rəqəmlər göstərməsinin qarşısı alınar. Bu da təbii ki, vergidən yayınmaya bir sığortadır. Belə metod Ukraynada tətbiq olunur".

Ekspert bildirir ki, dövlət qurumları müqavilədə göstərilən məbləğlərin aşağı göstərilib - göstərilməməsi üçün müəyyən anonim sorğular keçirə bilər: "Lakin adətən müqavilədəki qiymətə baxmaqla bu qiymətlərin mövcud tariflərdən aşağı yaxud da yuxarı olmasnı müəyyənləşdirmək mümkündür".