Tibbi sığortanın tətbiqi artıq reallaşdırılmalıdır

5 Oktyabr 2012 07:32 (UTC+04:00)

"Tibbi sığorta haqqında" qanunun icrası artıq təmin olunmalıdır. Bunu millət vəkili Vahid Əhmədov dilə gətirib.

Millət vəkilinin dediyinə görə, sözügedən qanunun qəbulundan bir neçə il keçsə də, hətta, Nazirlər Kabineti tərəfindən bu yöndə Tibbi Sığorta Agentliyi yaradılsa da, ötən dövr ərzində nə qanun icrası mümkün olub, nə də məlum qurumun fəaliyyəti mümkünləşib.

"Bu məsələ çox vacib və narahatçılıq doğuran məsələlərdən biridir. Sadə insanlar da bizimlə söhbətlərində daim tibbi sığorta məsələsini qaldırır, onun icrasının təmin edilməsini tələb edirlər.

Ona görə də hesab edirəm ki, nəhayət, bu məsələnin həlli reallaşmalı, sözügedən qanunun icrası təmin olunmalıdır. Bu məsələnin həllini tapmasında da elə bilirəm ki, Milli Məclis daha ardıcıl olmalıdır", - deyə, millət vəkili sonda sözlərinə əlavə edib.