Prezident İlham Əliyev: “Azərbaycanlılara qarşı soyqırımı törədənlər dünya birliyi tərəfindən hələ də adekvat qınaqla üzləşməyiblər”
5 Oktyabr 2012 11:08 (UTC+04:00)
"Azərbaycan artıq 20 ildir,
humanitar fəlakətlə üzləşib. Beynəlxalq birlik tərəfindən tanınmış
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında
yerləşən 7 bölgə 20 ildir, erməni işğalının altındadır. Bu işğal
davam edir".
APA-nın məlumatıma görə, bunu
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar
Forumunda çıxışında deyib.
Prezident azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin
aparıldığını vurğulayıb: "Bütün azərbaycanlılar Dağlıq Qarabağdan
və ətraf bölgələrdən qovulub. Hazırda dünyada adambaşına düşən
qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan
artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma
torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu
gün də davam edir. Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı
törədildi, günahsız insanlar, onların içində qadınlar, uşaqlar
vəhşicəsinə qətlə yetirildi, dini, mədəni abidələrimiz ermənilər
tərəfindən dağıdıldı. Yəni, həm xalqımıza, həm mədəniyyətimizə
qarşı soyqırımı törədildi".
Dövlət başçısı bu soyqırımının, bu vəhşiliyi törədənlərin hələ ki,
dünya birliyi tərəfindən adekvat qınaqla üzləşmədiyini qeyd edib:
"Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq
təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul edib. Ancaq
əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi
yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm
hörmət azalır, həm inam itir. BMT Təhlükəsizlik Şurası 20 il əvvəl
erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz
çıxarılmasına dair 4 qətnamə qəbul edib. Onların heç biri icra
edilmir. Bütün digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası,
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa
təşkilatlar da oxşar qətnamələr qəbul edib. Azərbaycanın ərazi
bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki,
həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud
"status-kvo"nun uzadılmasına olan marağıdır.
Ancaq onlar anlamalıdır ki, "status-kvo" daim dəyişməz olaraq qala
bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki, bu, tezliklə
olsun, sülh yolu ilə olsun. Çünki biz bölgə çərçivəsində artıq
sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki,
bölgədə sabitlik pozulmasın. Lakin digər tərəfdən, bu işğalla da
barışmaq mümkün deyil. Ona görə hesab edirəm ki, münaqişənin
həllinin vaxtı çatıb. Ermənistan beynəlxalq hüquq normalarına tam
şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe
olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O
təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər. Bu problemə
baxmayaraq, ölkəmiz müstəqillik dövründə böyük və uğurlu yol keçib.
Azərbaycanda aparılan siyasi islahatlar bu gün azad cəmiyyətin
yaranmasına gətirib çıxarıb.
Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar,
demokratiyanın inkişafı uğurla davam edir. Eyni zamanda, iqtisadi
sahədə islahatlar siyasi islahatları daha da gücləndirir. Çünki
siyasi islahatları iqtisadi əsaslar olmadan aparmaq bəzi hallarda
uğursuzluğa gətirib çıxarır və biz tarixdən bunu bilirik. Ona görə,
Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə
aparılır. İqtisadi sahədə son illər ərzində biz böyük uğurlara nail
ola bilmişik".