“Məhkumlar” serialının təqdimat mərasimi keçirilib

5 Oktyabr 2012 18:57 (UTC+04:00)
4 oktyabr 2012-ci il tarixində saat 18:00 - da "Qafqaz Point Otel"də ATV telekanalının sifarişi ilə çəkilən "Məhkumlar" serialının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "Məhkumlar" televiziya serialının quruluşçu rejissoru və "Oscar film production"un baş direktoru Yaşar Əhmədov serial haqqında qısa məlumat verərək bildirib ki, serialın yaradıcı kollektivi serialda cəmiyyətdə baş verən əksər sosial problemlərin ekran həllini tapmağa çalışıblar.
Ailədaxili zorakılıq, erkən və yaxın qohum nikahları, valideyn – övlad münasibətləri kimi ciddi sosial mövzuların əks olunduğu serialla bağlı çıxış edən ziyalılar, ictmaiyyət nümayəndələri serialda əks olunan problemlərin ekranda öz bədii həllini uğurla tapacağına inandıqlarını qeyd ediblər. Qeyd olunub ki, geniş izləyici auditoriyasına xidmət edən teleserialın ilkləri sözün əsl mənasında saymaqla bitmir. Belə ki, Azərbaycanda ilk dəfə "Məhkumlar" teleserialının internet portalı (www.mahkumlar.az ) fəaliyyətə başlayıb. Bundan başqa teleserialın tanıtım filmi ayrıca filmin bölümlərindən olan fraqmanlardan istifadə edilmədən hazırlanıb. Ayrıca, teleserialın əsas qəhrəmanı Adil obrazının ifaçısı İlkin İbayev xüsusi olaraq Avstriyadan ölkəmizə dəvət olunub. Daha sonra tədbir iştirakçıları serial sənayesinin inkişafı üçün belə serialların daha çox çəkilməli olduğunu vurğulayaraq serialın yaradıcı kollektivinə uğurlar arzulayıblar.
Tədbir serialın izləyicilərinə serial tariximizdə bir ilk olaraq ATV telekanalının efirindən canlı olaraq təqdim olunması ilə başa çatıb.