Ermənistan artıq öz siyasətində məntiqdən imtina edib

15 Aprel 2012 14:19 (UTC+04:00)

Son zamanlar Ermənistanda gedən proseslər daha çox hansısa siyasi məqamları özündə ehtiva etmir, provokasiya xarakteri daşıyır.

Bu barədə jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA- nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Biz bunu son hadisələrdə, yəni Ermənistanda Azərbaycan film festivalının keçirilməsinin qarşısının alınmasında, Xankəndində aeroportun tikilməsi, Avropa Şurasının Qarabağa dair yaratdığı komitəyə ermənilərin gəlməmələrində gördük".

S.Seyidov Ermənistanın "Eurovizion" müsabiqəsinə qatılmaqdan imtina etməsinin başa düşülməz olduğunu deyib.

"Bu yaxınlarda Bakıda keçirilən Avronestin tədbirində Ermənistandan 12 deputat gələ bilir, "Eurovizion" müsabiqəsinə isə bir müğənni göndərə bilmirlər. Niyə? Onagörə ki, provokasiya ilə məşğuldurlar. Bu, tendensiya xarakteri alan bir məsələdir".

Millət vəkili hesab edir ki, Ermənistan öz siyasətində artıq məntiqdən, konkret beynəlxalq qanundan, dünyada qəbul olunmuş davranış normalarından imtina etməyə başlayır provokasiya xarakterli davranış göstərir, addımlar atır.

Bunun təsadüfi olmadığını deyən millət vəkili iki səbəb göstərib.

"Birincisi budur ki, onlar danışıqlar prosesində yavaş-yavaş uduzmağa başlayıblar. Real, normal arqumentlər ortaya qoya bilmirlər. Bu, çoxvacib bizim xeyrimizə işləyən bir məqamdır. Ona görə ki, dünya çox gözəl bilir harda məntiqdir, harda provokasiyadır.

İkinci təhlükəli məsələ isə ondan ibarətdir ki, Ermənistan müstəqil olmayan bir dövlət kimi bu yola əl atırsa, deməli, arxasında dayanan qüvvələr onu təhrik edir".

S.Seyidov son vaxtlar cəbhə xəttində , beynəlxalq səviyyədə ermənilər tərəfindən provokasiyaların artdığını deyib.

"Deməli, bunlar hansısa məqamda düşünürlər ki, provokasiya yolu ilə Azərbaycana qarşı hansısa addımları atıb, sonra bunu dünyaya bunu bəyan etsinlər. Biz bunu bilməli, agah olmalıyıq.

Bizim yolumuz düzdür, məntiqimiz möhkəmdir, Azərbaycan beynəlxalq qanunun tərəfindədir, beynəlxalq qanun da Azərbaycanın tərəfindədir".