Rihannanın Bakı konsertindən görüntülər (VİDEO)

7 Oktyabr 2012 20:19 (UTC+04:00)
Bakıda daha bir dünya ulduzunun konserti baş tutub. "Bakı Kristal Holl"un səhnəsinə çıxan Rihanna tamaşaçıları gözlənilməz hərəkəti ilə təəccübləndirib.
"İnana bilmirəm ki, bu səhnədəyəm və bütün bunlar indi baş verir. Mən Bakıdayam və sizlərin qarşısındayam. Bakı, mən sizi sevirəm..." Bu sözləri oktyabrın 6-də Bakıda, "Crystal Holl" səhnəsində ilk solo konsertini verən dünya şöhrətli müğənni Rihanna deyib.
Rihannanın konserti üçün hələ bir neçə gün əvvəl 80 nəfərlik komanda Bakıya gəlib, konsert üçün xüsusi avadanlıqlar gətirilmişdi. Konsert gözlənildiyi kimi anşlaqla keçib.
İlk əvvəl "Crystal Holl" səhnəsinə azərbaycanlı gənc müğənni Gültəkin çıxıb. Daha sonra "Natiq" ritm qrupunun ifasında "Sarı gəlin" xalq mahnısının mükəmməl şəkildə təqdimatı isə zalda hamını ayağa qaldırıb. Müxtəlif kompozisiyaların yer aldığı bu ifa alqışlarla müşayiət olunub.
Nəhayət, saat 22:45-də səhnəyə məşhur müğənni Rihanna özü çıxıb. Məşhur hitləri ilə hər zaman gündəmdə olan Rihanna səhnəyə xüsusi lift vasitəsi ilə qaldırılıb. Rihanna, çıxışı zamanı bir neçə dəfə "Bakı, səni sevirəm" deyə tamaşaçılara səslənib.
Barbados adasında dünyaya gələn, hazırda Amerikada yaşayan və dünyada milyonlarla pərəstişkara sahib olan Rihanna, bütün mahnıları canlı ifa edib. Tamaşaçılardan çox böyük diqqət görən Rihanna, sonuncu ifası zamanı gözlənilməz addım atıb. O, mühafizəsiz tamaşaçılara yaxınlaşıb və əl-ələ görüşüb.
Xatırladaq ki, Rihannadan öncə sentyabrın 23-də Cenifer Lopes "Kristal Holl"-da konsert vermişdi. Oktyabrın 14-də isə şəhərimizin qonağı Şakira olacaq.