Azərbaycanda diplomların tanınması ilə bağlı 804 qeyri-qanuni fakt aşkarlanıb
8 Oktyabr 2012 11:20 (UTC+04:00)
26 saxta diplomun
xarici ölkələrdən qeyri-qanuni əldə edilməsi sübuta
yetirilib
Bakı. Sevil Zeynalqızı-APA. 2004-cü ilin yanvarın 1-dən bu günədək
Təhsil Nazirliyinə diplomlarının tanınması ilə bağlı 6982 müraciət
daxil olub. Onların 804-ü ilə bağlı qeyri-qanuni fakt
aşkarlanıb. APA-nın
məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov
diplomlarının tanınması ilə bağlı yaradılmış yeni Elektron sistemin
təqdimatında deyib.
Nazir bildirib ki, 26 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni
əldə edilməsi sübuta yetirilib. Onun sözlərinə görə, Ekspert qrupu
tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət
müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin
verilməsi haqqında qərarlar qəbul olunub.
Nazir qeyd edib ki, son illər ərzində ali təhsil almaq məqsədilə
xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. 2010-cu ildə
diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234,
2012-ci ildə 1618 müraciət daxil olub: "Müraciətlərin daxil olması
hazırda da davam edir. Bununla əlaqədar təhsil sənədlərinin
tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətinə
baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti
yaranıb".
Nazir bildirib ki, bu gün də xaricdə təhsillə bağlı valideynləri
aldatmaq istəyən müəyyən işbaz insanlar var. "Elə insanlar var ki,
müxtəlif vasitələrlə valideynləri aldadırlar, ali məktəbə qəbulla
bağlı sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz
dövlətində tanınmır. Təbii ki, belə olduqda bizdə həmin diplomları
Təhsil Nazirliyi tərəfindən tanımırıq".