Abid Şərifov: “Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda zəlzələyə davamlılıq nəzərə alınmayıb”

8 Oktyabr 2012 15:04 (UTC+04:00)
"Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda heç bir antiseysmik tədbirlər görülməyib və zəlzələyə davamlılıq nəzərə alınmayıb". APA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hətta Yasamalda tikilən beşmərtəbəli binaların layihəsində belə antiseysmik tədbirlər nəzərdə tutulmayıb: "Amma hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu yaradılıb ki, bu qurum seysmikliyə qarşı layihələri ekspertiza edir. Yeni tikilən binaların qeydiyyata alınması ciddi məsələdir. 20 il ərzində istər indi fəaliyyəti olmayan dövlət qurumları, istər kooperativlər tərəfindən bu qaydalara riayət olunmadan binalar tikilib. 7 mərtəbəli bina üçün icazə alıb, 9 mərtəbəli bina tikirlər. 9 mərtəbəli binaya icazə alıb, 15 mərtəbəli tikirlər. Təkcə Bakıda bu cür 200-dən çox bina var. Hazırda bu problemi necə yoluna qoymaq barədə düşünürük".