Çörəyin bahalaşmasının səbəbi açıqlanıb
9 Oktyabr 2012 14:04 (UTC+04:00)
Son günlər Bakı
şəhərində pərakəndə ticarət şəbəkəsində çörəyin satış qiymətinin
artması dünya bazarında taxılın və ölkə daxilində unun bahalaşması
ilə bağlıdır.
Bu barədə "APA-ECONOMICS"ə
Bakının çörək bazarında ən iri iştirakçılardan biri və çörəyin
qiymətində digər istehsal sexləri üçün qiymət oriyentiri rolunu
oynayan "Sərham" MMC-nin (Bakıxanov Çörək Zavodu) baş direktoru
Rasim Nəbiyev bildirib.
Qeyd edək ki, son vaxtlar ticarət obyektlərində çörəyin qiyməti 30
qəpikdən 40 qəpiyə qalxıb.
R.Nəbiyevin sözlərinə görə, bir qədər əvvəl unun 50 kq-lıq kisədə
qiyməti 14-14,5 manat təşkil edirdisə, indi bu qiymət dəyirmanda
19,5 manata, yol xərci əlavə edildikdə isə 19,8 manata qədər
yüksəlib. Nəticədə, unun bahalaşmasının çörəyin qiymətinə təsirini
azaltmaq üçün zavod çörəyin çəkisini də artırıb. Zavod direktorunun
sözlərinə görə, indiyədək çəkisi 580-600 qram olan çörəklər
mağazalara 25-26 qəpikdən verilib və əhaliyə 30 qəpikdən satılıb.
İndi isə çörəyin çəkisi 800 qrama qaldırılıb, belə çəkili çörəklər
mağazaya 35 qəpikdən verilir və pərakəndə olaraq 40 qəpikdən
satılır.