Böcək yemə yarışının qalibi öldü

9 Oktyabr 2012 15:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da diri tarakanları yemə yarışının qalibinin vəziyyəti yarışdan sonra pisləşib. Mayamidə cümə günü təşkil edilən yarışmada birinci olan 32 yaşlı Edvard Arçboldun yarışdan dərhal sonra ürəyi gedib.

Arçboldu təcili  xəstəxanaya aparıblar. Lakin, o xəstəxanada dünyasını dəyişib. Ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma nəticələrinin gözlənildiyi bildirilib. Təxminən 30 adamın qatıldığı yarışın böyük mükafatı piton olub.

Digər iştirakçılardan heç birinə heç nə olmayıb. Kaliforniya Universitetinin etimologiya professoru Maykl Adams, tarakanların bakteriya daşıyıcısı olmadığı müddətdə bir qorxusu olmadığını düşündüyünü söyləyib.

Əvvəllər də tarakan yedikdən sonra ölən biri haqqında heç eşitmədiyini söyləyən Adams, bəzi insanların tarakanlara qarşı allergiyası olduğunu da sözlərinə əlavə edib.