LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

22 Sentyabr 2015 09:00 (UTC+04:00)

Azərbaycanda azad biznesin inkişafı sahəsində davamlı olaraq həyata keçirilən tədbirlərdən biri də sahibkarların dövlətin güzəştli kreditlərə çıxış imkanlarının sadələşdirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişaf göstəricilərinin yekununa həsr olunmuş iclasında aidiyyəti qurumlara sahibkarlığa dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi ilə bağlı bir sıra tapşırıqlar verib, azad biznesin inkişaf etdirilməsi üçün səmərələşdirici addımların atılacağını bildirib:

"Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq".

Dövlət başçısı bu təklifləri dəstəklədiyini və güzəştli kreditlərin faizlərinin endirilməsi sayəsində iş adamları və fermerlərin daha da böyük gəlir əldə edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. İqtisadiyyat və Sənaye, Maliyyə nazirlikləri, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası özəl biznesin maliyyələşmə mexanizmlərinin yaxşılaşdırılmasına dair təkliflərin hazırlanmasına başlayıb. Hökumətə təqdim ediləcəyi gözlənilən sənəddə sahibkarlara verilən güzəştli kreditlərin faizlərinin aşağı salınması ilə bərabər, kreditlərin verilməsi şərtlərinin daha da asanlaşdırılması, maliyyə vəsaitlərinin həcminin artırılması da nəzərdə tutulur.

İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) bildirilir ki, kreditlərin sahibkarlara daha əlverişli və sərfəli şəkildə çatdırılması məqsədilə son 10 ildə mərhələli şəkildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarına dəyişikliklər edilib, güzəştli kreditlərin verilməsi mexanizmi sadələşdirilib. Dövlət başçısının tapşırığına uyğun olaraq fondun fəaliyyət mexanizminin, hüquq və vəzifələrinin, fəaliyyətinə dair qanunvericilik bazasının və idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, o cümlədən fondun fəaliyyətinə nəzarətin daha dəqiq və effektiv həyata keçirilməsi kimi mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib. Dövlətin özəl sektora dəstəyinin əyani təcəssümü olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən mütəmadi olaraq regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi məqsədilə tədbirlər keçirilir. Həmin tədbirlərdə sahibkarlara güzəştli kreditlər verilir, maarifləndirici treninqlər təşkil olunur, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilir.

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilib. Ölkənin maliyyə imkanları genişləndikcə SKMF-yə ayrılan vəsaitlərin də həcmi artır, eyni zamanda, bu vəsaitlərdən istifadə imkanlarını sadələşdirən çevik və işlək mexanizmlər tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2002, 2004, 2005, 2006, 2009 və 2011-ci il tarixli sərəncamları ilə SKMF-nin vəsaitlərindən istifadə qaydaları təkmilləşdirilmiş, bu sahədə fəaliyyətin genişləndirilməsinə imkan yaradılmışdır Nəticədə güzəştli kreditlərin daha aşağı faizlərlə alınması, məqsədəuyğun, rentabelli şəkildə yerləşdirilməsi mümkün olub.

2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına edilmiş əlavə və dəyişikliklərə əsasən, sahibkarlıq subyektləri üçün verilən güzəştli kreditin minimum həddi 5 min manat, maksimum həddi 10 milyon manat məbləğində müəyyən olunub. Güzəştli kreditlər üzrə müddətin maksimum həddi isə 10 ilədək artırılıb.

Regionda çalışan sahibkarların birbaşa Sahibkarlığa Kömək Milli Fonduna çıxışı təmin edilib - onlar fondun iqtisadi rayonlar üzrə nümayəndələrinə müraciət edir. Bundan sonra müraciət edən sahibkarın güzəştli kreditə olan tələbatı və ondan səmərəli istifadə perspektivi öyrənilir. Güzəştli kreditlər Maliyyə Nazirliyi, Mərkəzi Bank və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış Müsabiqə Komissiyası tərəfindən seçilmiş müvəkkil banklar vasitəsilə verilir. Kreditlər sahibkarlıq subyektlərinə illik 7 faizlə kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələr üzrə isə illik 5 faizlə milli valyutada verilir. İstifadə istiqamətlərindən asılı olaraq fondun kreditlərinin müddəti Müşahidə Şurasının qərarı ilə artırıla bilər.

Kreditlərin verilməsi prosedurlarının sadələşdirilməsi və digər yeniliklər sahibkarlığa maliyyə dəstəyinin daha da gücləndirilməsinə, sahibkarların güzəştli kreditlərdən çevik və səmərəli istifadəsinə imkan verib. Təkcə 2014-cü ildə sahibkarlara 295 milyon manatdan artıq kredit verilib. Bu il ərzində isə 4.000-dən çox sahibkara 141 mln. manatdan çox güzəştli kredit verilib. Reallaşdırılan layihələr 8.800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə son 10 ildə dövlət maliyyəsi əsasında verilmiş güzəştli kreditlərin həcmi 2 milyard manatdan artıq olub. Dövlət xətti ilə sahibkarlara verilmiş güzəştli kreditlər sayəsində sənaye və kənd təsərrüfatında 700-dən artıq istehsal və emal müəssisəsi istifadəyə verilib, regionlarda 100 mindən çox iş yerinin yaradılması təmin olunub.

Qarşıdakı ildə dövlət maliyyəsi əsasında verilmiş güzəştli kreditlərlə bərabər, Sahibkarlığa Kömək Milli Fondunun özünün vəsaitləri, yəni qaytarılan kreditlər hesabına təkrar maliyyələşmənin aparılması nəzərdə tutulur. 300 milyon manatdan artıq bu vəsaitlər regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sənaye məhəllələrinin və biznes inkubatorlarının yaradılması, "yaşıl market" və logistika mərkəzlərinin təşkilinə yönəldiləcək. Güzəştli kreditlər hesabına maliyyələşdiriləcək layihələrə müasir texnologiyalara əsaslanan investisiya layihələrinə çörək istehsalı zavodlarının, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin, istixana komplekslərinin, südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin yaradılması daxildir. Güzəştli kreditlər hesabına maliyyələşdiriləcək layihələrə meyvə-tərəvəz emalı müəssisələrinin, sənaye müəssisələrinin yaradılması, kiçik sahibkarlığın və kiçik emal təsərrüfatlarının təşkili də nəzərdə tutulur.

2015-ci ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistika mərkəzlərinin, ixtisaslaşdırılmış "yaşıl market"lərin, aqroparkların, iri fermer, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, müasir istixana komplekslərinin, meyvə-tərəvəz emalı, qarışıq yem istehsalı, çörək istehsalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlərdir.

Güzəştli kreditlərin faizlərinin aşağı salınmasından əlavə, gələn il alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi məqsədilə banklarla yanaşı, kənd təsərrüfatı mülkiyyətçilərinə lizinq şirkətləri vasitəsilə texnika alınmasında güzəştli şərtlərin tətbiq olunması, kiçik və orta sahibkarların kredit ittifaqlarına maliyyəyə çıxış imkanlarının daha da artırılması üçün tədbirlər görüləcək. Regional sahibkarlığa güzəştli kreditlərin verilməsində bankların fəallığının artırılması, kreditlərin sığortalanması mexanizminin formalaşdırılması üçün bəzi normativ aktlara və qanunlara əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunur. Maliyyə-kredit və bank qurumlarının biznes sektoruna dəstəyinin artırılması, onlara nəzarətin gücləndirilməsi və fəaliyyətlərinin vahid qanunvericilik əsasında tənzimlənməsi üçün Bank Məcəlləsi hazırlanacaq. Bundan əlavə, Mərkəzi Bank sahibkarlığa ucuz və uzunmüddətli kreditlərin verilməsini artırmaq məqsədilə mərkəzləşdirilmiş kredit fondunun yaradılmasını planlaşdırır.

Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" sahibkarlara güzəştli kreditləri elektron formada da əldə etmək imkanı yaradır. Güzəştli kredit almaq istəyən sahibkar müvəkkil kredit təşkilatlarına elektron ərizə ilə müraciət edə bilərlər. Müraciətlərə qanunvericiliyə uyğun baxdıqdan sonra müvafiq sənədlər elektron formada Fonda təqdim edilir. Fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılır və bu barədə məlumatlar sahibkarlın elektron ünvanına göndərilir. Bununla da sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinə qədər bütün proses elektron qaydada formada keçirilir. Sahibkarlar bu imkandan Fondun rəsmi internet saytı (www.anfes.gov.az) vasitəsilə istifadə edə bilirlər. Bu elektron xidmətin tətbiqi şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasların azaldılması baxımdan da önəmlidir.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.