«BP-Azerbaijan»: “Biz Azərbaycana tam sadiqik”
11 Oktyabr 2012 13:09 (UTC+04:00)
"Biz Azərbaycana tam sadiqik və
"Azəri-Çıraq-Günəşli" hasilatı ilə bağlı məsələləri mümkün qədər
tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə
işləyirik". Bunu "APA-ECONOMICS"ə açıqlamasında
"BP-Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Tamam Bayatlı bildirib.
Qeyd edək ki, bu bəyanat Azərbaycan Nazirlər Kabinetinin oktyabrın
10-da keçirilən 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasındakı çıxışında prezident İlham
Əliyev tərəfindən BP şirkətinə qarşı sərt ittiham və tənqidlərə
cavab olaraq səsləndirilib.
Xatırladaq ki, ölkə başçısı bəyan edib ki, neft hasilatında
gözlənilməyən tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə
fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud
səhvləri nəticəsində mümkün olub. "Biz BP şirkəti ilə uzun illərdir
ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə
dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik.
Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar
qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər
qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə
münasibətlərə yer yoxdur, mümkün deyil. Biz həmişə bütün
tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli
olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat
münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox
ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı
məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay
BP tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu
xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün
səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan
deyil. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində
çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər
olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər
görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar
dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay
vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm.
Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona
görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq
Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada
qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu,
kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək,
nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və
görüləcək", - deyə İlham Əliyev bəyan edib.
Qeyd edək ki, ölkə başçısı "Azəri" və "Çıraq" yataqlarında
hasilatın azalmasını əyani sübut edən statistik göstəriciləri də
diqqətə çatdırıb: "2009-cu ildə "Azəri", "Çıraq" yataqlarında bizə
verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln.
ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln.
ton idi, fakt 40,6 mln. ton olub. 2011-ci ildə proqnoz 40,2 mln.
idi, real hasilat isə 36 mln. 2012-ci ildə verilmiş proqnoz 35,6
mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar
ki, ilin sonuna qədər BP "Azəri", "Çıraq" yataqlarından 33 mln.
tondan artıq neft hasil edə bilməyəcək. Bütün bu rəqəmləri
toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, -
halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik
ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 mlrd.
dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu
reallıq dayanır".