“Səhər” telekanalının Azərbaycan bölməsinin rəhbəri: “Kanala Azərbaycanla bağlı xəbərlərdə diqqətli olmaq tapşırığı verilməyib”
11 Oktyabr 2012 17:04 (UTC+04:00)
"İranın Azərbaycana yeni təyin
olunan səfiri Möhsün Park Ainə istinadən yayılan xəbərdə bildirilib
ki, İranın Ali Təhlükəsizlik Şurası Beynəlxalq Səhər Televiziya
Kanalına Azərbaycanla bağlı xəbərlərdə diqqətli olmaq və belə
verilişləri hazırlamaqdan çəkinmək haqda qərar verib. Əslində
səfirin belə açıqlama verib-verməməsinin nə dərəcədə həqiqətə uyğun
olub-olmamasını deyə bilmərəm. Çünki səfirlə əlaqə saxlamaq və bunu
dəqiqləşdirmək mümkün olmayıb. Bundan başqa Ali Təhlükəsizlik
Şurasından da bizə belə bir rəsmi sənəd daxil olmayıb."
Bu açıqlamanı APA-ya İranın
Beynəlxalq "Səhər" Televiziya Kanalının Azərbaycan bölməsinin
rəhbəri Borhan Hekməti deyib. O bildirib ki, İranda din
xadimlərinə, imam cümələrə hansısa hadisə ilə bağlı danışmağa
məhdudiyyət qoymaq çox çətin məsələdir, hətta mümkün deyil:
"Düzdür, vaxtilə Azərbaycanda olan bəzi məsələlərə dair tənqidi
süjetlərimiz olub, bu gün də belə açıqlamalar olur. İranın özündə
belə təhlükəsizlik məsələlərinə xələl gətirə biləcək xəbərlər
mətbuatda yayılır. Rəsmi qurumların etirazına baxmayaraq, bunun
qarşısını almaq mümkün olmur".
B. Hekməti qeyd edib ki, onlar Azərbaycanla bağlı verdikləri
xəbərləri Azərbaycan mətbuatından götürürlər: "Bu iki ölkə
bir-birinə o qədər yaxındır ki, nə azərbaycanlılara İran haqda
danışmağa, nə də ki, iranlılara Azərbaycan haqda danışmağa qadağa
qoymaq olar. Bu, mümkün olacaq məsələ deyil. O ki qaldı "Səhər"
kanalının siyasi verilişlər verməsinə qadağa qoyulması kimi
fikirlərə, bunun da mümkün olma ehtimalı çox aşağıdır. İndiki
dünyada televiziya kanallarına siyasi xəbərlər verməməklə bağlı
qadağa qoyulması başa düşülən olmaz. "Səhər" kanalında Azərbaycanla
bağlı təkcə tənqidi verilişlər deyil, Azərbaycanın xeyrinə olan
proqramlar da yer alır".
Qeyd edək ki, İranın Azərbaycana yeni təyin olunmuş səfiri Möhsin
Pak Ayin Şərqi Azərbaycan əyalətinin rəsmiləri ilə görüşü zamanı
deyib ki, İranın Beynəlxalq "Səhər" Televiziya Kanalı artıq siyasi
yönümlü verilişlər hazırlamayacaq. Bu qərarı İran Ali Milli
Təhlükəsizlik Şurası verib. Telekanal yalnız mədəni və ictimai
verilişlər hazırlaya biləcək.
Səfir etiraf edib ki, kanala qadağa rəsmi Bakının tələbləri
əsasında tətbiq olunub.