“Halal turizm”ə Azərbaycanda da böyük ehtiyac yaranır

1 Oktyabr 2015 08:00 (UTC+04:00)

Qeyri-neft sektorunun əsas səhələrindən biri kimi Azərbaycanda turizmin inkişafına getdikcə daha çox diqqət yetrilməkdədir. Bunu şərtləndirən əsas amillərdən biri isə ölkə əhalsinin istirahətə daha çox vaxt ayırmağa başlaması, həmçinin bu istiqamətdə xərclərini artırmasıdır. Xüsusən də yay aylarında sözügedən sahədə böyük canlanma müşahidə olunur.

Məlum olduğu kimi, yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay turizm mövsümündə daha çox müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər göstərir ki, cari ilin iyunun 1-dən avqustun 31-dək Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 min 233 nəfər təşkil edib. Nazirlikdən bildirilib ki, bunlardan 560 min 688-zi yerli turistlər, 47 min 545-i isə xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2 faiz və ya 45 min 984 nəfər çoxdur. Aparılan araşdırmalara əsasən demək olar ki, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.

Turizm şirkətləri arasında aparılan sorğular da göstərir ki, yerli turistlər istirahət üçün daha çox cənub, şimal və şimal-qərb bölgəsinə üz tutur. Lakin hələ də turizm obyektlərində yüksək qiymətllər üzündən istirahətini xaricdə etməyə üstünlük verənlərin də sayı kifayət qədərdir. Sözsüz ki, yüksək qiymət xaricdən ölkəmizə gələn turistlərin sayına da təsirini göstərir. Bir maraqlı məqamı da diqqət əçatdıraq ki, 2015-ci ilin ilk yarısında xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,223 milyard dollar təşkil edib. Xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri is 1,104 milyard dollar olub. Turizm xidmətləri üzrə 118 min 413 dollarlıq defisit yaranıb. Məhz turizm xəttilə xaricə axan pulların qarşısıın almaq üçün bir sıra qabaqlayıcı addımların atılması vacib sayılır. Ən əsası qiymətlərin ucuzlaşdıırlması həyata keçrilməlidir. Bu xüsusda təklif olunur ki, turizm obyekti işlədən sahibkarlardan tələb olunan əlavə dəyər vergisi azaldılsın.

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edir: "Burda məqsəd dövlətin subsidiya yolu ilə xərclərin bir hissəsini öz üzərinə götürməsidir. Bu baxımdan istər birbaşa, istərsə də dolayı olaraq dövlətin maliyyə dəstəyinin artırılmasına ehtiyac var. Praktiki olaraq, bu imkan verəcək ki, turizm obyektlərində xərcləri azaldılmasına nail olmaq mümkün olsun. Təbii ki, bu da qiymətlərin tənzimlənməsi, daha ucuz qiymətlərin təklif edilməsi gətirib çıxaracaq".

Həmçinin, xaricdən turistlərin cəlbi üçün digər stimullaşdırıcı addımlar atılmalıdır. Məsələn, cari ildən başlayaraq Türkiyə bu ölkənin turizm obyektlərinə Azərbaycandan turistlərin təyyarə ilə daşınması üçün kompensasiya kimi hər reysə görə 6 min dollar ödəmək niyyətindədir.

Bu addım Türkiyənin 2015-ci ildən ölkəyə gələn turistlərin sayını artırmaq istəyi ilə bağlıdır. Bu məqsədlə Türkiyə yuxarıda bəhs edilən güzəşti Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna, Moldova, Tacikistan, Gürcüstan və Özbəkistandan gələn turistlərə də şamil edəcək. Türkiyə mədəniyyət və turizm naziri Nihat Zeybekçi bildirib ki, ölkəsi xarici turistləri cəlb etmək üçün bütün imkanlardan istifadə edəcək. həmçinin, rus turistlərə Türkiyədə ödəniş vasitəsi kimi rubldan istfiadəyə icazə verilməsi də gündəmdədir. Ölkəmizdə də analoci ajddımların atılması zəruri sayılır. Digər tərəfdən müəslman ölkələrindən daha çox turistin cəlbi məqsədilə "halal turizm"in Azərbaycanda da populyarlaşdırılması önəmli sayılır.

Hazırda "halal turizm" Malaziyada, Bəhreyndə, Misirdə və Türkiyədə inkişaf etməkdədir. Türkiyədə bu biznesə artıq 3-4 ildir başlanılıb. Dünyanın neçə-neçə ölkələrindən müsəlmanlar məhz belə istirahət yerlərini seçirlər. Mərkəzi Malaziyada yerləşən Dünya Halal İttifaqının prezidenti Əhməd Gelir bildirir ki, "halal turizm"i daha da inkişaf etdirməklə Türkiyə 2023-cü ildə 50 milyon turist hədəfinə çata bilər. Türkiyə "halal turizm"lə məşğul olan onlarla otel var. Bu otellər müştərilərinə təkcə alkoqolsuz içki təklif etmirlər. Ancaq qadınların daxil ola biləcəyi qapalı hovuzlar, qapalı çimərliklər, məscidlər var. Əyləncə proqramları da islami qaydalara uyğunlaşdırılır. Əgər 2002-ci ildə Türkiyədə ancaq 5 belə otel olubsa, indi onların sayı 80-ə yaxındır. Azərbaycanın çimərlik olan istirahət mərkzələrində belə istirahət yerləri yoxdur.

Onu da bildirək ki, "halal turizm" biznesi müsəlman ölkəsində yox, İngiltərədə başlanıb. Bir neçə il əvvəl bu ölkədə yaşayan müsəlmanlar tərəfindən yaradılmış bir şirkət "halal turizm" xidmətlərinə başlayıb. İkinci şirkət Sinqapur və Malayziya iş adamlarının yaratdığı birgə müəssisə olub. Dünyada bu xidməti göstərən 3-cü şirkət isə Türkiyə şirkətlərindən biridir. Yaradıcılar bildirir ki, dünyada ümumilikdə 2 milyarda yaxın müsəlman yaşayır. Onların müəyyən hissəsi islam həyat tərzi keçirir. Bu xüsusiyyət özünü həmin insanların gündəlik həyatlarında olduğu kimi istirahətlərində də göstərir. Belə istirahət mərkəzlərinin ən ciddi fərqi burada məhrəm islam qaydalarına əməl etməklə istirahət etmək imkanıdır. Yəni belə mərkəzlərdə kişi və qadınlar üçün ayrıca hovuzlar, hamamlar, saunalar və ayrıca çimərliklər mövcuddur.

Bu turizm növü səyahətçilər, xüsusilə islam həyat tərzi sürənlərin istirahəti üçün böyük imkanlar yaradır. Azərbaycan dünyəvi dövlət olsa da, burada da "halal turizm"in inkişaf etdirilməsi zəruri sayılır. Əhalinin böyük əksəriyyətinin müsəlman olması, vətəndaşların bir qisminin isə öz həyat tərzində islam qaydalarına ciddi əməl etməsi baxımından da belə turizmin bərqərra olması vacibdir. Bu, həm də yuxarıda qeyd olunduğu kimi, müsəlman ölkələrindən də Azərbaycana xeyli tursit cəlb edərdi.