Parlament seçkilərinə hazırlıq yüksək fəallıqla müşayiət olunur

1 Oktyabr 2015 10:30 (UTC+04:00)

Parlament seçkilərində iştirak etmək istəyənlərin sayı artır. Artıq namizəd olmaq istəyənlərin sayı 2000-ə çatır. Deputatlığa namizədliyi qeydə alınanların sayı isə 500 nəfərə yaxınlaşır. Bu hal rəqabət mühitinin, ümumiyyətlə, seçki prosesinin aktiv olacağına indidən işarə edir. Ən əsası isə seçkilərlə bağlı görülən hazırlıq işləri bir çox beynəlxalq dairələr tərəfindən yüksək qiymətləndirilir. Bu isə boykot qərarı verən radikal müxalifətə, seçkini müşahidədən imtina edən ATƏT qurumlarına da ciddi mesaj hesab olunur.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, iştirakçıların sayı çoxalırsa, bu, seçkilərin ciddi alternativ əsasda keçəcəyini nümyiş etdirir: "Eyni zamanda bunu bütövlükdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə olan ictimai, siyasi marağın göstəricisi kimi də qiymətləndirmək olar. Günlər keçdikcə daha çox namizdələrin qeydə alınacağının da şahidi olacağıq".

Elçin Mirzəbəyli əlavə etdi ki, ayrı-ayrı ölkələrdə çoxpartiyalılığın inkişafında, əməkdaşlıqda maraqlı olan beynəlxlaq təşkilatlar seçkilərin alternativ əsasda keçiriləməsini alqışlayırlar: "Qüvvələrin məhz seçki yolu ilə öz iradələrini ifadə etməsinin tərəfdarıdırlar. Bu, boykot taktikası seçənlərin addımlarının hansısa formada dəstəklənməyəcəyinə mesajdır. Eyni zamanda bunun yalnış yol olduğunu göstərir. Hansısa beynəlxalq təşkilatın insanları seçkilərdə iştirak etməməyə çağırışı isə ölkələrin daxili işlərinə müdaxilə etməklə yanaşı, həm də beynəlxlq hüququn prinsiplərinə, demokratiya anlayışına ziddir".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, Azərbaycanda seçkilərdə həmişə bu cür canlı mühit olub: "Həmişə seçkilər ərəfəsində siyasi aləmdə böyük canlanma müşahidə edilib. Budəfəki seçki də istina deyil. Namizədlərin sayı durmadan artır. Baxmayaraq ki, bəzi radikal siyasi qüvvələr parlament seçkilərində iştirak etməkdən imtina qərarı veriblər. Amma iştirakçılar arasında hətta siyasətlə bağlılığı olmayan, heç bir paritya üzvü sayılmayan, bitərəfləri insanların sayı artıb. Bu, o deməkdir ki, Azərbaycanın siyasi sistemi çoxpariya əsaslıdır. Bu, onu göstərir ki, ölkənin gələcəyinin qurulmasında iştirak etmək istəyən insanların sayı artıb. Bu, seçkilərin çoxpariyalı əsasda keçəcəyini göstərir. Azərbaycanda demokratiyanın, hüququn inkişaf etdiyini sübut edən ən güclü faktorlardan biridir".

Partiya sədri boykot qərarı verən radikal müxalifətə və seçkiləri izləməkdən imtina edən ATƏT-in mövqeyinə də toxundu: "Onların qəbul etdikləri qərar özlərini çox çıxılmaz bir vəziyyətə salıb. Bu, həmin təşkilatların ikili standartlarla işlədiyinin əyani sübut edir. Bunun da ağır nəticələrini özləri görəcəklər. Halbuki, seçkilərlə bağlı mühiti yüksək qiymətləndirən bir çox tanınmış beynəlxalq təşkilatlar ATƏT-lə, radikal müxalifətlə barışmadığını göstərir".