Qərəzli qətnaməyə qarşı Avropada genişmiqyaslı kampaniya başlanır

1 Oktyabr 2015 11:15 (UTC+04:00)

Son zamanlar Avropa Parlamentinin özündə, bir sıra digər Avropa institutlarında sözügedən qurumun Azərbaycanla bağlı bu yaxınlarda qəbul etdiyi və tamamilə qərəzə söykənən qətnaməsinə etiraz səsləri artmaqdadır. Getdikcə daha çox dərəcədə hiss olunur ki, Avropanın özündə Avropa Parlamentinin ölkəmizlə bağlı verdiyi həmin qətnamənin doğru olmadığı barədə fikirlər geniş yayılmağa başlayıb.

Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mathias Dornfeldtun Avropa Parlamentinin Prezidenti Martin Şultsa ünvanladığı etiraz məktubunda da buun aydın görmək olar. Avropa Parlamentinin bəzi deputatları Azərbaycan əleyhinə qətnamənin radikal və effektsiz olduğunu bəyan ediblər. Məcburi xarakter daşımayan qətnamə 365 nəfər lehinə olmaqla qəbul edilsə də, bir çoxları, o cümlədən Avropa Parlamentinin ən böyük partiyası olan Avropa Xalq Partiyası 72 nəfər bitərəf və 202 nəfər əleyhinə olmaqla, qətnaməyə qarşı çıxıb. vropa Millətlər və Azadlıq Qrupunun üzvü olan Canluka Buananno qətnamənin qəbulundan tamamilə narazı qaldığını bildirib.


Hesab olunur ki, Avropa Parlamenti Azərbaycana yönəlik mövqeyində dəyişiklik etməlidir. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov Avropa Parlamentində ölkəmizə münasibətdə yumşalmanın ola biləcəyini gözlədiyini bildirdi: "Azərbaycan müstəqillik əldə etdiyi bu illər ərzində istər Avropa Şurası, istərsə də Avropa Parlamenti, ümumiyyətlə, bu qitədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının ölkəmizlə bağlı ikili mövqeyini hiss etmişik. Onlar hansısa dairələrin təzyiq və təsiri altında bu illər ərzində Azərbaycana qarşı qərəz dolu bəyanat və qərarlar veriblər. Amma onların arasında sağlam düşüncəyə malik insanlar da var. Onlar fikirləşir, götür-qoy edirlər ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. Çünki, bu gün Azərbaycan dövləti müstəqil siyasət yürüdür. Ortalıqda Azərbaycan dövlət başçısının siyasi iradəsi var.

Həmçinin, ölkəmizdə dövlətlə, ölkə başçısı ilə xalq həmrəydir. Bu fonda ölkəmizə qarşı qərəzli kampaniya aparılmasının əbəs olduğunu Avropa qurumlarındakı sağlam qüvvələr də gözəl anlayır və hiss edirlər. Təsadüfi deyil ki, qarşıdan gələn parlament seçkiləri ərəfəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli mövqe sərgiləməsi və ona əsaslanaraq ATƏT-in bəzi qurumlarının seçkilərə müşahidəçi göndərməkdən imtina etməsinin qərəzə söykəndyini anlayanlar da var. Bilirlər ki, Azərbaycanla təzyiq dilində danışmaq ancaq onların özlərinə ziyan edəcək. Bu təşkilatlar öz maraq dairəsindən çıxış edərək çalışır ki, Azərbaycanda özlərinin istək və arzuları, maraq dairəsinə uyğun olan hakimiyyət bərqərar olsun. Bu istəyin reallaşmasının mümkün olmadığını görəndə isə anlamağa başlayıblar ki, belədə Azərbaycan kimi nüfuzlu dövləti itirə bilərlər. Ona görə də bu qurumda praqmatik düşünənlər arasında ölkəmizə münasibətdə yumşalma hiss olunur.

Getdikcə daha çox Avropa siyasətçisi anlayır ki, Avropa Parlamentinin ölkəmizlə bağlı verdiyi qərar səhv qərardır. Gördülər ki, Azərbaycana təzyiq etmə siyasəti perspektivsiz siyasətdir. Azərbaycan bərabər hüquqlu dövlət olaraq bir sıra Avropa qurumlarına qoşulub və bu zaman üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirib. Amma kimsə şəxsi ambissiyalarını ortaya qoymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparırsa, təbii ki, buna adekvat olaraq da cavabını alacaq. Artıq onların öz səhvlərini başa düşdüyünü, ziyanın yarısından da qayıtmağın mümkün olduğunu görərək, doğru yola gəlməyə başlayıblar. Bu, həm də Azərbaycan diplomatiyasının uğurudur. Gözlənilir ki, getdikcə daha çox Avropa parlamentarisi, siyasətçisi Avropa Parlamentinin ölkəmizlə bağlı tutduğu mövqeyinin yanlış olduğunu anlayacaq.

Belə olan halda Avropa Parlamentinin mövqeyində dəyişiklik edəcəyi, sağlam məntiqin qalib gələcəyini də gözləmək olar. Güman edirəm ki, bunu anlayaraq artıq Azərbaycanla beynəlxalq hüququn normaları çərçivəsində davranacaq, təzyiq metodundan əl çəkəcəklər. Bu fonda qurumda yumşalmanın olacağını gözləyirəm. Amma bununla belə Qərbdə Azərbaycana qarşı təzyiq dilində danışmağın bir istiqaməti hiss olunmaqdadır. Bu da Azərbaycanı istəməyən qüvvələr, erməni lobbisinin təsiri nəticəsində baş verən hadisələrdir".

Vəhdət Partiyasının sədri Tahir Kərimli də Avropa Parlamentinin ölkəmizlə bağlı mövqeyini dəyişə biləcəyini istisna etmədi. Amma bunun üçün Azərbaycanın da hələ çox işləməli olduğunu söylədi: "Avropa institutlarında Avropa Parlamentinin Azərbaycanla bağlı bu yaxınlarda verdiyi qətnaməyə etiraz səslərinin ucalması onu göstərir ki, qəbul edilən sənədə baxmayaraq, burada Azərbaycanın nüfuzu qalxmaqda davam edir. Getdikcə daha çox avropalı dərk edir ki, Azərbaycanı itirmək onlar üçün fəlakət demək olacaq. Ona görə də etiraz səslərini qaldırıblar. Düşünürəm ki, bu etiraz səsləri nə qədər güclü olarsa, Avropa Parlamenti də ona adekvat olaraq addım atmağa məcbur olacaq. Ona görə çalışmalıyıq ki, "köhnə qitə"də Avropa Parlamentinin qəbul etdiyi qətnamədən narazı qalanların sayı getdikcə artsın. Həmin qətnaməyə Avropanın özündə etiraz səsləti ucalmağa başlayıbsa, deməli, Azərbaycan hökumətinin də bu istiqamətdə apardığı fəaliyyət nəticə verməkdədir. Buna nail olacağıqsa, həmin qurum da mövqeyində dəyişiklik edə bilər. Ümid edirəm ki, yaxın dövrlərdə bu baş verəcək".