Küçələrdə daha gölməçələr olmayacaq?

11 Oktyabr 2012 17:47 (UTC+04:00)

Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.

Təssüflər olsun ki, yağan yağış damlaları gözəl Bakımızın bəzi küçələri üçün inci deyil, ən böyük problem olur. Yağış bolluq rəmzidir, Bakının bəzi küçələri üçün isə gölməçə bolluğu!
Hazırda bunun qarşısını almaq üçün şəhərdə  kanalizasiya və yağış sularının axıdılması üçün kanalizasiya xətləri çəkilir.
"Azərsu" Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı son dövrlər həyata keçirilən və həyata keçirilməsi nəzərdə tutulan  tədbirlər haqqında  məlumat verdi: "2012-ci ilin əvvəllərində "Azərsu" Səhmdar Cəmiyyətinin mütəxəssisləri intensiv yağıntılar yağan zaman həm gecə saatlarında, həm gündüz saatlarında Bakı şəhərinin küçə və prospektlərdə monitorinq apardılar. Ən çox gölməçələrin yarandığı, yağış sularının axmasında problem yaranan ərazilər müəyyənləşdi və qısa müddətdə həmin ərazilərdə yağış barmaqlıqlarının və yağış drinar xəttinin çəkilməsi barədə layihələr hazırlandı. Bu ilin 9 ayında 8 km dən artıq yağış barmaqlıqları çəkmişik. 61 küçə və prospektdə yağış barmaqlıqları quraşdırmışıq. Diqqətinizə çatdıra bilərəm ki, həmişə yağıntılar olanda İnşaatçılar metrosunun qarşısında, yəni Şərifzadə küçəsində,Zərdabi küçəsində, Həsən Əliyev küçəsində belə problemlər yaşanırdı. Artıq həmin istiqamətlərdə yağış barmaqlıqları quraşdırılıb. Eyni zamanda Babək prospektində, keçmiş Maşın bazarı deyilən ərazidə böyük gölməçələr yaranırdı. Artıq orda da biz yağış barmaqlıqları quraşdırmışıq. Bununla bağlı bizim növbəti vaxtlarda da işlərimiz davam edəcək. Bakı şəhərində yenidən qurulan küçə və prospektlərin hər birində yağış barmaqlıqları quraşdırılır. Avroviziya mahnı müsabiqəsi ərəfəsində asfalt qatı dəyişdirilən və əsaslı yenidənqurma işləri aparılan Dilarə Əliyeva küçəsi və digər ərazilərdə, Neftçilər prospektinin özündə biz yağış barmaqlıqları quraşdırdıq. Ümumiyyətlə gələcəkdə əsaslı təmir olunan yolların hər birində bu işlər görüləcək."