Beynəlxalq Velosipedçilər İttifaqının illik konqresi keçirilib

1 Oktyabr 2015 12:25 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Riçmond şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) illik konqresi keçirilib. Konqresdən bir gün əvvəl isə Avropa Velosipedçilər İttifaqının (UEC) Rəhbər Komitəsinin iclası olub.Movqe.az Goal.az-a isitnadən  məlumat verir ki, rəhbər Komitənin iclasında çıxış edən Avropa Velosipedçilər İttifaqının Prezidenti David Lappartien sonuncu dəfə Komitənin Avropa Oyunları zamanı Bakıda toplaşdığını xatırladıb və məruzəsində Bakı-2015 ilk Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, Avropa Velosipedçilər İttifaqı adından Avropa Oyunları çərçivəsində keçirilmiş velosiped yarışlarının təşkilində yüksək fəallıq nümayiş etdirmiş Azərbaycan Velosiped idmanı Federasiyasına dərin təşəkkürünü bildirib. Daha sonra Beynəlxalq Velosipedçilər İttifaqının illik Konqresində Avropa qitəsi adından səsvermə hüququna malik nümayəndələr seçilib. Qeyd edək ki, 50 milli federasiyanı özündə birləşdirən Avropa Velosipedçilər İttifaqı Beynəlxalq Velosipedçilər İttifaqının Konqresində səsvermə hüququna malik 14 nəfərlə təmsil olunur. Bu il seçilmiş 14 nümayəndədən biri də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov olub. Konqresdə Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Brayn Kukson geniş məruzə ilə çıxış edib. O Konqresin müzakirəsinə 16 məsələnin çıxarıldığını bildirərək, ötən dövr ərzində görülmüş işlər və UCİ qarşısında duran məsələlər barədə Konqres iştirakçılarına ətraflı məlumat verib. Konqresdə UCİ-in Rəhbər Komitəsinin hesabatı, 2014-cü ilin büdcəsinin icra vəziyyəti, müstəqil auditorların hesabatı dinlənilib və 2016-cı il üçün büdcə təsdiq edilib. Daha sonra UCİ-in Rəhbər Komitəsinin yeni üzvü seçilib və bir sıra ölkələrin Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə daxil olmaq barədə ərizələrinə baxılaraq, onların üzvlüyü təsdiq edilib. Konqres zamanı Rio-2016 Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı R’OCOG (2016 Organising Comittee for the Olimpic and Paralympic Games) RİO-2016 Olimpiya və Paraolimpiya Oyunlarınınn Təşkilat Komitəsinin İcraçı Direktoru Alberto Guimaraes geniş təqdimatla çıxış edib və Oyunlara hazırlığın gedişi barədə Konqres iştirakşılarına məlumat verib. Tədbir zamanı 2016-cı ilin oktyabr ayında Qətərdə keçiriləcək şosse velosipedi üzrə dünya çempionatı ilə bağlı məsləhətləşmələr də aparılıb və Doha-2016 Dünya Çempionatının Təşkilat Komitəsinin sədri şeyx Xalid bin Əli Əl Thaninin və Qətərin digər məsul nümayəndələrinin Dünya Çempionatına hazırlıqla bağlı təqdimatlarına baxılıb. Xatırladırıq ki, Konqres ərəfəsində ABŞ-ın Riçmond şəhərində keçirilən şosse velosipedi üzrə 2015-ci il Dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək idmançılarımızdan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil edib. Qadınlar arasında komanda ötüşmələrində isə Sloveniyanın "Lyublyana" komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina kifayət qədər yüksək nəticə göstərərək 8-ci yerə çıxıb.